Mütəxəssislər problemdən çıxış yolunu nədə görürlər?
Mobil telefon və kompüter texnologiyalarından istifadə Azərbaycanda günü-gündən genişlənir. Yeni modellər çıxdıqca məktəb yaşına çatmayan uşaqlar belə, mobil telefonlardan, planşetlərdən istifadəyə meyillənir. Buna baxmayaraq bu texnologiyalarda dövlət dilimizin istifadəsi ya məhdud tətbiq olunur, ya da Azərbaycan dili həddən artıq qüsurlu şəkildə təqdim edilir.
Kompüter və telefonlarda Azərbaycan dilinə tərcümələr hansı prinsiplərlə aparılır? Bu işə peşəkar tərcüməçilərin cəlb olunmasında hansı problemlər var? Niyə Azərbaycan dili çox məhdud tətbiq olunur? Bu qədər dil qüsurlarına səbəb nədir?
“Terminlərin qarşılığını tapa bilmirik”
Məsələ ilə əlaqədar öncə müstəqil informasiya texnologiyaları üzrə proqramçılarla söhbət etdik.
Proqramçı Toğrul Səməd bildirir ki, kompüter və mobil telefon proqramları yeniləndikcə təzə terminlər yaranır ki, onların Azərbaycan dilində qarşılığını tapmağa çətinlik çəkirlər. Toğrul Səməd hesab edir ki, Azərbaycan dili kasıb dildir: “Ona görə də məcbur qalıb özümüzdən söz uydururuq (?!-red.)”.
O, digər problemi dilimizə qarşı özümüzdə aşağılayıcı kompleksin olmasında görür: “Dilimizə hörmətlə yanaşmırıq”.
Proqramçı Zülfüqar İsmayılzadə də terminoloji lüğətin olmamasından şikayətləndi. Dilçilik İnstitutunda informasiya texnologiyaları ilə bağlı bir neçə lüğətin hazırlanması haqqında xatırlatmamıza o belə cavab verdi: “Dilçilik İnstitutunda yaşlı insanlar çalışır, onlar yeni texnologiyaların tətbiqini haradan biləcəklər? Mənim ixtisasım ”developer" adlanır, amma Azərbaycan dilində bu sözün indiyədək qarşılığını tapa bilməmişəm. “Ubuntu” əməliyyat sistemi üzrə moderatoram. Göndərilən tərcümə variantlarını təsdiq edirəm. Bu sahədə tərcümə işi belədir ki, tanınmış proqramlar və ya əməliyyat sistemləri müxtəlif lokal qruplar tərəfindən icra olunur. Bir qrup insan toplaşır, tərcümə üçün həmin şirkətə təklif göndərir və tərcümə üçün fayllar alır. Bu, pulsuz sistemdir. Amma istisnalar var. “Microsoft” və “Google” kimi şirkətlər bu işləri yerli qruplara həvalə etmir, özləri aparır və bu zaman da tərcüməçilərə ödəniş edir. Bu işi də peşəkar tərcüməçilər etmir.
“Community” deyilən bir anlayış var, bir sözü 10-15 nəfər tərcümə edir, hansı söz daha çox üstünlük qazanırsa, o, düzgün hesab olunur. Bir də Azərbaycan dilində rəsmi qəbul olunmuş ümumi terminlər olmadığından qarışıqlıq yaranır. Məsələn, “download” sözünü biri “endir” yazir, biri “yüklə”. Bu misallardan sonsuz sayda yazmaq olar".
Proqram yazanların zərərli vərdişləri
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələ ilə bağlı çıxış yolunu operativ qaynar xəttin yaradılmasında görür: “Azərbaycan dilində orfoqrafik qaydaların gözlənməməsi ən çox bu proqramları yazanların vərdişləri ilə bağlıdır. İnformasiya texnologiyalarında Azərbaycan dilinin əlifbası ilə bağlı texniki problemlər bir neçə il bundan qabaq öz həllini tapıb. Amma biz bundan necə bəhrələnirik? Əksər hallarda hələ də Azərbaycan yox, ingilis dilində olan hərflərdən istifadə edirik, hələ də ”ə" əvəzinə “e” yazırıq və sair. Bu, bizim öz qüsurumuzdur.
O ki qaldı terminlərə, bu sahədə problem daha ciddidir. Baxmayaraq ki, İKT ilə bağlı bir neçə terminlər lüğəti kitab şəklində dərc olunub, amma bunların kütləvi tətbiqi tam həllini tapmayıb. Mən hesab edirəm ki, akademiyanın dilçilik institutu müəyyən tədbirlər həyata keçirməlidir. Ola bilər ki, qaynar xətt, yaxud onlayn sistem yaradılsın. Yəni informasiya texnologiyaları ilə bağlı tərcüməyə ehtiyac olarsa, insanlar üçün əlçatan bir resurs təminatı olsun.
Bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, müvafiq şirkətlərdən ibarət işçi qrupları yaradılmalıdır və həmin qruplar Terminologiya Komissiyası ilə müntəzəm əlaqədə olan bir sistem formalaşdırmalıdır. Belədə problemin həlli mümkündür".
“Dilimizin standartları pozulur”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayevin bildirdiyinə görə, bu layihə çərçivəsində operativ onlayn tərcümə sistemi mövcuddur, amma sistemin kütləvi tətbiqi üçün maarifçi tədbirlərə ehtiyac var: “Kibernetika İnstitutunda ”Vindous" sisteminin Azərbaycan dilinə tərcüməsi üzrə çox böyük işlər görülüb. Bu proses tədricən gedir. Məsələn, “xartdisk”ə kimi “sərt disk”, kimi “bərk disk”, kimi “ağır disk” deyir. Halbuki lüğətlərdə onun tərcüməsi var.
İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadənin rəhbərliyi altında mükəmməl terminlər lüğəti də hazırlanıb, ictimaiyyətə təqdim olundu. Proqramçıların özləri də bu məsələyə bir qədər məsuliyyətlə yanaşmalıdır, araşdırmalıdır, Dilçilik İnstitutu ilə əlaqədə təşəbbüskar olmalıdır. Doğrudur, informasiya texnologiyaları ilə bağlı dilçilikdə sözlər o qədər çevik şəkildə yenilənir ki, bunları çevirəcək tərkib də çevik olmalıdır, cavanlaşmalıdır. Yaxşı olardı ki, bu aktual mövzu ilə bağlı Təhsil Nazirliyinin, bizim nazirliyin, Dilçilik İnstitutunun nümayəndələrindən ibarət bir dəyirmi masa keçirilsin. Bu tədbirə Standartlaşdırma və Metrologiya Komitəsi də cəlb edilməlidir. Çünki dilin standartlarının pozulmasına yol verilməmlidir. Azərbaycan dilində klaviatura tərtibi dilimizdən xəbərsiz bir nəfərə həvalə edilmişdi, bununla bağlı vaxtilə xeyli narazılıqlar baş qaldırdı".
Əbülfət Fətullayev hesab edir ki, yeni texnologiyalarla bağlı hər bir tərcümə mütləq dilçi mütəxəssislərin nəzarətindən keçməlidir: “Özü də bu məsələyə Dilçilik İnstitutunun mütəxəssisləri də məmnuniyyətlə rəy verər. Çünki Azərbaycan dili ilə bağlı 2013-cü ildə əsaslı dövlət proqramı qəbul olunub və bu instituta bir çox missiyalar həvalə olunub”.
“Şirkətlər Azərbaycan dilinə hörmətlə yanaşmalıdır”
Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli də hesab edir ki, Azərbaycan dilinin qaydalarının tətbiq olunması üçün mobil telefonlarda uyğun şərait yaradılmalıdır: “Azərbaycanda mobil telefonların istifadəsi və satışı ilə məşğul olan ”Azercell", “Bakçell”, “Nokia”, “Samsunq” şirkətləri bu işin icrasına ciddi yanaşmalıdırlar. İstər “Android”, istər “Ayfon” telefonlar olsun, Azərbaycan dilinin tətbiqi düzgün aparılmalıdır.
Azərbaycan dili ilə bağlı dövlət proqramında da göstərilir ki, informasiya-kommunikasiya sahəsində Azərbaycan dili düzgün qaydalara uyğun tətbiq olunmalıdır. Ona görə də Azərbaycanda çalışan xarici şirkətlər dövlət dilimizin qaydalarına hörmətlə yanaşmalıdır. Bu şirkətlər Azərbaycanda fəaliyyət göstərən tərcümə təşkilatları ilə müqavilə bağlamalıdırlar. Hesab edirəm ki, bu mövzuda yazılar, verilişlər müsbət nəticə verər. Əlbəttə, texnoloji təşkilatların köməyi ilə mobil telefonlardakı qüsurlarla bağlı monitorinq də aparmaq mümkündür".
Qulu Məhərrəmli bildirdi ki, Azərbaycan dilinin yanlış işlənməsinə qarşı ictimaiyyəti cəlb etmək üçün dövlət proqramında qaynar xəttin yaradılması nəzərdə tutulsa da, proses ləngiyir: “Təəssüf ki, bu günədək həmin qaynar xətt işə düşməyib”.