"Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur".
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
"Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığımız məktubla məqsədimiz Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığımızı bildirməkdir. Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının da ölkələrində baş verən ekoloji problemlərlə bağlı narahatlıqlarını bölüşürük. Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur. Bu da region əhalisinin hüquqlarının pozulmasına gətirib çıxarır" -, o qeyd edib.
QHT sədri bildirib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayəsi həm Cənubi Qafqaz dağlarına mənfi təsir göstərir, aşınmalara səbəb olur, həm də buradan keçən içməli su ehtiyatına, göllərə, çaylara böyük təhlükə yaradır:
"Dağ-mədən sənayəsi nəticəsində kombinatlardan daxil olan ağır metal tullantılar çayları çirkləndirir. Həmin çaylar ki, transsərhəddir - Azərbaycandan, İrandan və digər qonşu ölkələrdən keçərək Xəzər dənizinə tökülür. Bununla da Xəzər hövzəsi və eyni zamanda Xəzərsahili ölkələr üçün ciddi təhlükə törədir".
Onun sözlərinə görə, məktubda qeyd olunan 12 fakt ictimaiyyətə məlum olan faktlardır və dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana etirazlar edilib:
"Belə ki, Şınıx və Tuğut kəndlərinin sakinlərinin təsərrüfata yararlı torpaq sahələrində qanunsuz mədən işləri həyata keçirilib. Nəticədə onların torpaqları yararsız hala düşüb. Həmin kəndlilər Avropa İnsan Hüquqları məhkəməsinə müraciət ediblər və Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən 2019-cu ildə Ermənistana qarşı 6 qərar qəbul edilib. Qərara əsasən Ermənistan hökuməti zərərçəkmiş kəndlilərə 69 400 avro məbləğində vəsait ödəməlidir. O cümlədən Avropa İnsan Hüquqları məhkəməsi Kəlbəcərin Zod qızıl yatağında ətraf mühitə, o cümlədən Kür çayına zərər verən kombinatın fəaliyyətinə icazə verdiyə görə Ermənistana qarşı Ekoloji Tarazlıq Hüquqlarının pozulmasına dair qərar çıxarıb".
"Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana ünvanladığı 60-dan çox məktubun cavabsız qaldığını müşahidə edirik. Ekofəallar qanunsuz şəkildə fəaliyyət göstərən Amuldağ qızıl yatağının işinin dayandırılması barədə prezident administrasiyasının qarşısında piket keçiriblər. Mədən bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti bərpa edilib. Həmin ekofəalların cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər dərc olunub. Transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasının və Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu vurğulamaq istəyirik. Adları qeyd olunan mədənlərə əsasən Qərb dövlətləri investisiya qoyur. Biz həmin dövlətləri və şirkətləri də məsuliyyətli olmağa çağırırıq və öz fəaliyyətlərini beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təşkil etməyi tövsiyə və tələb edirik" -, P. Vəliyeva vurğulayıb