“Torpaqlarımızı 30 il işğalda saxlamış, Azərbaycana qarşı urbisid, kultursid və geniş miqyasda ekosid törətmiş Ermənistan düşmənçilik siyasətini hələ də davam etdirir".
Teleqraf.com xəbər verir ki, bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, Ermənistanla sərhəd ərazilərimiz, bu ölkədən axan transsərhəd çaylarımız ciddi ekoloji təhdidlə üz-üzə qalıb:
“Ermənistan öz ərazisində ətraf mühiti korlayan dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətini davam etdirir. Düşmən ölkə bütün bunları imza atdığı beynəlxalq konvensiyaları pozaraq həyata keçirir. Çoxu Sovet zamanında tikilmiş, köhnə texlonogiyalarla işləyən sənaye müəssisələri tullantıları təmizləmədən transərhəd çaylarına axıdır. Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ciddi ekoloji təhdid halına gəlib. Azərbaycanın vətəndaş cəmiyyəti olaraq dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etdik. Bu müraciət əslində həyəcan təbilidir”.
“Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilir. BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Məsələ ilə əlaqədar bir neçə fakt var. Bu faktlar baş verəcək ekoloji fəlakətin miqyasını təsəvvür etməyə imkan verir. Ermənistanın Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütövlükdə regionumuz üçün təhlükə mənbəyidir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum mədən tullantısı anbarı bölgənin ekologiyasına ciddi təhdiddir. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Bu müəssisədə il ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür” -, QHT sədri bildirib.
O söyləyib ki, Göyçə vilayətindəki ildə təxminən 10 000 unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir:
“Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına birləşir. Dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodu manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir”.
E.Cəfərli vurğulayıb ki, bu sənaye tullantıları su hövzələrinin canlı aləmini məhv etməklə qalmır, həmçinin insanlarda müxtəlif mədə-bağırsaq, dəri, nevroloji və tənəffüs sistemi xəstəliklərinin, o cümlədən xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur:
“Bu üzdən tələb edirik ki, Ermənistan qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə əməl etsin. Ermənistan bütün dağ-mədən sənayesi obyektlərində ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərin, Azərbaycanın vətəndaş cəmiyyətləri təşkilatlarının monitorinq aparmasına imkan yaratmalıdır. Ərazidən müvafiq nümunələr götürülməli, analiz edilməlidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu məsuliyyətsiz davranış bütövlükdə regionu ekoloji fəlakət zonasına çevirə, yaşanmaz hala gətirə bilər. Ona görə də tələb edirik ki, Ermənistanın ətraf mühitə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırılsın”.