Türk dünyasının məşhur türkoloqu Rəşid Rəhməti Arat 1900-cü ildə Kazanın şimal-qərbində yerləşən Köhnə Ücümdə doğulub. Atası müdərris Əbdürrəşid İsmətullah bəy, anası Mahbeder xanım olub. 1906-1910-cu illərdə Köhnə Ücümdə ilk təhsilini alıb. 1913-cü ildə Qızılyarda rüşdiyyə təhsilini bitirib.
Xüsusi olaraq rus dilini öyrənən Rəşid bəy 1917-ci il inqilabı zamanı lisey mərhələsinin sonuncu sinfindən çıxarılaraq hərbi məktəbə, oradan da cəbhəyə göndərilib. 1919-cu ildə yaralı olaraq Mançuriyanın Harbin şəhərinə nəql edilib. Oradakı Kazan türklərinin dərnəklərinə qatılıb, müxtəlif sosial-mədəni tədbirlərdə iştirak edib. 1921-ci ildə liseyi tamamlayıb, bir il sonra (1922-də) Berlinə yola düşüb.
Orada Fəlsəfə fakültəsinə daxil olub, eləcə də məşhur türkoloq Banqın dərslərinə qatılıb. Həmyerlisi, Türk dünyasının məşhur ictimai-siyasi xadimi, yazıçı-publisist Ayaz İshaqinin çıxardığı “Yana milli yul” adlı dərgisində məqalələr dərc etdirib. 1927-ci ildə doktorluq dərəcəsini qazanaraq Şərq Dilləri Məktəbində şimal türkcəsi lektoru olub.
Həmin il Dr. Rabia xanımla ailə həyatı qurub. 1928-ci ildə Berlin Elmlər Akademiyasında assistant olaraq işə başlayıb. 1931-ci ildə Berlin Universitetində Şərq Dilləri Məktəbində dosent ünvanını qazanıb.
Türkiyədə universitet islahatı dövründə - 1933-cü ildə Maarif Nazirliyi onu Türkiyəyə dəvət edib və o, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində Türk dili və Ədəbiyyatı bölümündə professor olub. 1942-ci ildə Türk Tarix Qurumuna üzv seçilib. 1940-1950-ci illərdə Türkologiya İnstitutunun müdiri olub. 1949-1951-ci illərdə Londonda School of Oriental and African Studies-də müsafir professor kimi dərs verib. 26 aprel 1958-ci ildə ordinarius professor ünvanını qazanıb. 29 noyabr 1964-cü ildə İstanbulda vəfat edib.
Rəşid Rəhməti Arat müqayisəli türkoloji tədqiqatları ilə tanınıb, türk dilinin keçmiş ləhcələrini və mövcud şivələrinin ən güclü tədqiqatçısı olub. Xüsusilə, qədim uyğur mətnləri üzərində çalışıb. 220-dən çox əsər və məqaləsi var. Türk dünyasının abidə əsərlərindən olan “Qutadqu bilig” üzərində ciddi tədqiqatlar aparıb, araşdırmalarını iki cild şəklində çap edib.
Rəşid Rəhmətinin ən yaxın dostlarından biri onun kimi Türkiyəyə mühacir olaraq gəlmiş türkoloq, professor Əhməd Cəfəroğludur.
Əhməd bəy 1899-cu il aprelin 17-də Gəncədə doğulub. 1909-1916-cı illərdə Gəncə real gimnaziyasında oxuyub. Ardınca Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olub, lakin imperiyada baş verən inqilab, xaos nəticəsində cəmi üç semestr oxuya bilib. Cəfəroğlu 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdıb. Bu dövrdə kiçik topçu zabiti kimi Qafqaz İslam Ordusuna qoşulub, Bakının azad edilməsində iştirak edib. Bakıya gəldikdən sonra Cəfəroğlu Bakı Universitetinin tarix-filologiya fakültəsinin Şərq bölməsinin ilk dinləyicilərindən olub. Türkiyəyə mühacirətdən sonra Cəfəroğlu İstanbul Universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olub, 1924-cü ildə oranı bitirib. Bu fakültəni seçməsində tanınmış türk alimi Fuad Köprülünün xüsusi rolu olub. Cəfəroğlu bir müddət İlahiyyat fakültəsinin kitabxanasında çalışıb, Türkiyyat mərkəzində elmi araşdırmalar aparıb. 1925-ci ilin sentyabrında Almaniya Xarici İşlər Nazirliyinin təqaüdünü qazanaraq, Berlin və Breslau Universitetlərində türkologiya sahəsində təhsil alıb, dövrün tanınmış alimləri olan Vesterman, Banq Kaup, Vasmer, Gizi, Brokelman, Şader, Diels kimi şəxslərin mühazirələrini dinləyib. Rəşid Rəhməti bəylə də burada ikən tanış olub. Cəfəroğlu Berlində Aratla yanaşı, türk ellərinin məşhur siyasətçiləri olan Ayaz İshaqi, Mustafa Çokayla birlikdə mübarizə aparıb.
1929-cu ildə Breslau Universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edərək filologiya doktoru adını qazanıb. Türkiyəyə döndükdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində “Türk dili tarixi” kafedrasının dosenti olub. 1938-ci ildə həmin kafedranın professoru, 1946-cı ildən ömrünün axırına qədər isə oranın müdiri vəzifəsində çalışıb. Bu müddət ərzində o, yüzlərlə elmi yazılar yazıb, türkologiya sahəsində mühüm işlər görüb. Polşa Şərqşünaslar Cəmiyyətinin üzvü (1937), Polşa Elmlər Akademiyasının müxbir üzvü (1938) seçilib. Bir neçə beynəlxalq cəmiyyətlərdə təmsil olunub. Türk Dil Qurumunun həqiqi üzvü olan Əhməd Cəfəroğlu 1955-ci ildə İspaniya hökumətinin “De Alfonso Xel Sabio” ordeni ilə təltif edilib. Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da vəfat edib.
Cəfəroğlu 1964-cü ildə vəfat edən həmkarı, qədərdaşı Rəşid Rəhməti Arat haqqında xatirə yazısı qələmə alıb. Həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Prof. Dr. Əhməd Cəfəroğlu
Rəşid Rəhməti Arat
Onu 1925-ci ildə, həyata gözünü yumduğu payız fəslinə bənzər yağışlı və sisli bir gündə Berlin Universitetinin Türkologiya fakültəsində professor Banq-Kaupun iş otağında tanıdım. Deyəsən, yaxından tanış olmaq imkanı tapdığı ilk türkiyəli mən idim. Almaniya Xarici İşlər Nazirliyinin hesabına, Fuad Köprülünün müavini olaraq türk dili üzərində ixtisaslaşmaq üçün professor Banqın yanına göndərilməyimdən əvvəlcədən xəbərdardı. Fəqət qarşısında Vətəni istilaya məruz qalmış, dəmir pərdənin arxasındakı Türk ölkələrindən birindən özü kimi qaçqın olduğumu, əlbəttə bilə bilməzdi. Öyrəndiyi zaman gülümsədi. Artıq əməllərindən birinə qovuşmuş kimi idi. Ana Vətən olaraq xəyal etiyi Türkiyə haqqında əmin bir qaynaqdan qurtuluş savaşları, liderləri, Qazi Mustafa Kamal haqqında məlumat öyrənmə fürsətini əldə etdiyi kimi qürbət elin sürgün, gələcəyi qaranlıq, min bir çeşid mənəvi və maddi məhrumiyyətlər içərisindəki ağır həyatın qədərini paylaşacaq dərd ortağı bir yoldaş, istiqanlı bir dost da qazanmışdı. Ümidi puç olmadı. Tanış olduğumuz bu tarixdən həyata gözünü yumduğu ana qədər, düz 39 il şərikli davam etdiyimiz dərdli həyat hər ikimizi müştərək əsir Türk elləri qurtuluş mücadiləsi səflərində, milli türk dili və mədəniyyəti araşdırmaları məbədi damı altında birləşdirmiş, birimizi digərimizə sanki dəstək yaratmışdı. Ona görə də 29 noyabr 1964-cü ilin bazar gecəsində o biri dünyaya köç edən yoldaşım, məsləkdaşım və milli ideal dostum Rəhməti Arat qədərin həzin cilvəsinə boyun əymiş, şərikliyi pozmuşdur.
Almaniyadakı təhsilimiz müddətincə Berlində adətən hər gün birlikdə idik. 1928-ci ildə evləndiyi həyat yoldaşı Rabia xanım da dərdimizə şərik olmuşdu. Tez-tez çayını içər, dərdləşərdik. Hər birimiz çeşidli əsir Türk ellərinin istiqlal komitələrinə daxil olmuş, vəzifəmizi yerinə yetirirdik. Dini bayramlarda Türkiyə səfiri mərhum Kəmaləddin Sami paşanın rəyasətində İslam Millətləri Cəmiyyətindəki, Türkiyə Cümhuriyyətinin bayramlarında isə Berlin Türk Ocağındakı toplantılara qatılır, qürbət yetimliyimizi ovundururduq. Fəqət əsl daşıdığımız ağır yük Türk ellərinin qurtuluş günlərini ətrafa tanıtmaq, keçmişin tarixi yadigarı olaraq təsid etmək, milli matəm günlərimizdə isə əsir Türk ölkələrinə və onun xalqlarına müştərəkən ağlamaqdı. Mərhum Rəşid Rəhməti Arat heç bir zaman bu şərəfli vəzifədən qaçmamış, onu şərəfi ilə, vicdanı ilə hər zaman yerinə yetirmişdir. Çünki məcburi zabit olaraq aparıldığı Kolçak ordusundan qaçaraq Yaponiyaya sığınması və orada tanış olduğu Rabia xanımla uzun dəniz yolçuluğundan sonra Almaniyaya qaçqın kimi gəlməsi yetmirmiş kimi hər an məchul bir aqibətə məruz qalma ehtimalları “Haymatlos” və “Nansen” pasportlu, gənc və dəliqanlı Rəhmətidə hər fəlakətə sinə gərəcək qüvvətli bir təhəmmül inadı yaratmışdı. Qarşılığında gözünə Vətən həsrəti qəmi, vücuduna sərtlik və üzünə sarsılmaz sakinliyi çökmüşdü. Onu ilk dəfə görən və tanıyan sərt və soyuq bir insan zənn edərdi. Həqiqətdə isə fövqəladə yumşaq, sözə inanan, karvana qatılan, dost düşkünü bir zatdı. Yaşadığı həyatın çox ağrılı günləri və sərtliyi bir insanı ancaq Rəhməti qəlibinə sala bilərdi. Özü qazanıb təhsilinə davam edəcəkdi. Nə geridə qoyduğu Kazandan, nə də Rabia xanımın Vətəni Sibirdən bir ümid vardı. Yeganə həyat qaynağı alın təri idi. Lakin iltica etmiş ərənlər çox yaxşı bilirlər ki, mültəcinin alnı basıq, qaşı çatılmış, ruhu əzik, təri isə soyuqdur. Bunu ancaq qüdrətli xarakter, milli inad və səbat yenə bilərdi. Mərhum Rəhmətidə bu vəsflərin hamısı mövcud idi. İnadla hər müşkülü yenəcəkdi. Yendi də.
Həyatını qazanmaq üçün 1925-ci ildə bir xəstəxanada xəstələrin fotoşəkillərini də çəkmiş, hətta bir ara professor Teşnerin evində iqamət edərək ona türkcə mətnlər tərcümə etmişdir. Alman akademiyasındakı uyğurca əlyazmaları təsnifi də dolanışığına bir az yardımı olmuşdur. Çox sıxıntılı bir həyatı vardı. 1926-cı ilin yanvarında Berlin şəhərətrafında müxtəlif mültəcilərin sığındıqları barakalarda onu ziyarətə getmişdim. Bir kişilik taxta bir barakada, sobasız, ocaqsız yaşamaqda idi. Çöldəki ayaz içəridəki istilikdən fərqsizdi. Ürəyim sızladı, o isə fikir vermir, mültəcilik qədərinə boyun əymiş görünürdü.
Göstərişi sevməzdi, ağrılarını, dərdlərini ürəyində gizlədər, öz aləmi ilə baş-başa qalmağı tərcih edərdi. Bərabər qatıldığımız Türk Tarix Qurumu qurultaylarında ikimizi bir hotel otağına yerləşdirirdilər. Rəhməti bütün gecə öz daxili aləmi ilə, Kazan türkcəsi ilə dərdləşir, didinirdi. Kimsəylə sirrini bölüşməzdi, kimsəni qırmazdı. Hadisələrə qarşı müqavimət macalı azalınca ancaq o zaman kükrəmiş kimi olardı. Fəqət tez sakinləşər, məsələni yoluna qoyardı.
Almaniyadakı təhsil həyatı Rəhmətini böyük ümidlər verən gənc bir bilgin olaraq hazırlamışdı. Dostu Von Gabainlə bərabər uyğur türkcəsi üzərində çalışa biləcək mümtaz və yetişkin iki elm xadimi idilər. Hər ikisi də bu ümidləri tamamilə gerçəkləşdirərək türkə, türk dilinə və türk mədəniyyətinə qürurverici xidmətlər etmişlər.
Mərhum Rəşid mənimlə bərabər slavyan filologiyasına da davam etmişdir. Rus mədəniyyətinə olan aşinalığı, milli mücadiləsində özünə kömək etmişdir. Düşmən ölkəyə boşu-boşuna cəbhə almamışdı. Ölkəsini və düşmənini yaxşı bilər, ona uyğun hərəkət edərdi. Almaniyadakı həyatı müddətincə həmişə Türkiyəni sayıqlayardı. Mümkünsüzlüklər heç cür ziyarətə getməsinə imkan verməmişdi. Nəhayət, 1929-cu ildə Almaniyadan dönüşümdə mənə də müəllimlik etmiş professor Banqla vidalaşarkən “Rəhmətini də oğlum qədər sevirəm. Artıq onun yeri Türkiyədir. Köprülüdən rica edin, onu qəbul etsin” deməklə tələbəsinin ruhuna tərcüman olmuş, Rəhmətinin elm yolundakı çalışmalarının mərkəzini təyin etmişdir.
Beləcə, 1933-cü ildə Rəşid Rəhməti hər mültəci türkün qızıl alması olan Türkiyəyə gəldi. 31 il ömür tükətdi, vəzifəsini layiqincə yerinə yetirərək həyata gözünü yumdu. Fəqət soyad olaraq götürdüyü Aratı özü ilə bərabər apara bilmədi. Çünki hər an dostları, yoldaşları və tələbələri tərəfindən “aranacaq” və özünü “Arat”acaqdır.
Əziz dostum, Tanrım sənə qəni-qəni rəhmət eləsin, səni həmişə ideallaşdırdığın, gəncliyinə bənzəyən Tukaya (şair Abdullah Tukay – D.Ə) qovuşdursun.
“Türk Kültürü”, sayı 27, yanvar 1965