Sinqapur pasportu 2023-cü ildə dünyanın ən “güclü” pasportu elan edilib. Sənəd onun sahibinə 227 ölkədən 193-nə vizasız səyahət hüququ verir.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat vətəndaşlıq və yaşama hüququ məsələləri ilə məşğul olan “Henley & Partners” London qlobal konsaltinq kompaniyasının hərəkət azadlığını ölçən “Henley Passport Index” reytinqində əksini tapıb.
İndeksdə Asiya ölkələri uzun müddət dominantlıq edib. Belə ki, beş il ardıcıl olaraq bu siyahıda ilk yeri tutan Yaponiya 2023-cü ilin yayında üçüncü pilləyə enib. Almaniya, İtaliya və İspaniya isə əksinə, 190 istiqamət üzrə vizasız girişlə ikinci pilləyə yüksəlib.
Vətəndaşları 189 ölkəyə pasport ilə sərbəst gedə bilən Avstriya, Finlandiya, Fransa, Lüksemburq, İsveç və Cənubi Koreya da Yaponiya ilə birlikdə reytinqin üçüncü yerini paylaşıb. 2014-cü ildə ilk yeri tutan Böyük Britaniya isə hazırkı indeksdə dördüncü yerdədir.
Siyahıda son yerləri tutan Suriya 30 ölkə, İraq 29 ölkə, Əfqanıstan isə 27 ölkə ilə vizasız gediş-gəliş imkanına malikdir.