Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib.
Teleqraf.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən Komitənin sədr müavini Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs ediblər.
O da vurğulanıb ki, tranzit əməliyyatları rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir.
Daha sonra İƏT-inTranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 7-ci iclasından sonra görülən işlərlə bağlı nümayəndə heyətlərinin çıxışları dinlənilib.
Həmçinin iclasda gömrük sahəsində görülən işlər-tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.