22 İyul 2023 21:08
2 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirət mətbuatımızın ən qısa ömürlü jurnalı Zəngəzur deputatı

Məhəmmədsadıq Aranın çıxardığı “Yaşıl yapraq” dərgisidir. Əski əlifbada cəmi üç nömrəsi çıxan jurnalın ilk sayı 16 iyun 1928-ci ildə işıq üzü görüb.

“Orhaniye” mətbəəsində çıxan jurnalın adresi bu şəkildə qeyd olunub: “İstanbul, Aya Sofya qarşısında Hilali-Əhmər caddəsi. Nömrə 6”. Jurnaldakı ilk məqalə “On sənə arxamızda” adlanır. Jurnalın ikinci sayı 5 iyul 1928-də çıxıb. Sonuncu sayı isə 1 sentyabr 1928-ci ildə işıq üzü görüb.

Birinci say – Jurnalın birinci sayının ilk səhifəsində “Yolumuz” adlı kiçik məlumat xarakterli yazı təqdim olunub. Həmin hissədə bildirilib: “... Gənc azəri mühərrirlərinin müavinəti-təhririyəsiylə sahəyi-intişara çıxan bu məcmuədə nöqsanlar bulmaq mümkündür.

Məcmuəmizin möhtərəm qarelərinin hüsniyyət və təvəccühləri sayəsində vuqu bulan nöqsanlarını gidərməyə çalışacaqdır. “Yaşıl yapraq” əsarət zənciri altında bulunmaq bədbəxtliyinə düşən Azərbaycanda sənələrdən bəri tutuşan faciəyə seyrci qalan cahana onun dərdlərini eşitdirmək üçün yapılan nəşriyyata iştirak etmək məqsədiylə intişar ediyor. Bu ümidini bir az da olsun təhəqqüq etdirə bilirsə, kəndini pək məsud edəcəkdir”. Jurnalın bu sayında Məhəmmədsadıq Aranın “Yeni Türkiyə haqqında” adlı məqaləsi dərc olunub. Ardınca Cümhuriyyətin elanının 10-cu ildönümü münasibətilə keçirilən tədbirlər barədə xəbər verilib. Həmin xəbərdə yazılıb: “Azərbaycan istiqlalının onuncu ildönümünə müsadif (təsadüf edən) olan 28 Mayıs günü milliyyətpərvər azərbaycanlılar hər tərəfdə hərarətlə təsid eyləmiş, istiqlal mücadiləsinin davam etdirilməsi üçün öhdələrinə təcdid eyləmişlərdir.

İstanbulda təzahürat.

Bu sənəki təzahürat keçən sənələrə nisbətlə daha parlaq həyəcanlı olmuşdur. “Azəri Türk” idarəxanasının böyük salonu Azərbaycan və Türkiyə bayraqları ilə süslənmiş idi. Divarlarda kiçik bayraqlar arasına sığdırılmış olan boyalı 10 rəqəmləri, sütun və avizəyi saran üçrəngli qurdələlərin zərafəti, mavi, qırmızı, yaşıl ampüllərdən quzehlər kimi süzülən elektrik ziyaları salonda pək zərif və lətif bir mənzərə iraə ediyordu...”

İkinci sayı - 5 iyul 1928-ci ildə çıxan ikinci nömrənin baş məqaləsi “Azərbaycan, Türkiyə, İran” adlanır. M.Aran Sisyanlı imzası ilə “Rusiya-Ermənistan” adlı geniş yazı təqdim edib. Həmçinin “Azəri saz şairləri” adlı məqalə və şeirlər verilib.
Üçüncü sayı - 1 sentyabr 1928-ci ildə çıxan sonuncu sayın baş yazısı “Çəkilin ölkəmizdən” adlanır. Bu sayıda “Taksimdə Cümhuriyyət abidəsi”, M. Aranın Sənan imzası ilə “Şəfəq sökərkən” şeiri, “Azəri saz şairləri” məqaləsinin davamı, “Azərbaycan xəbərləri” adlı yazılar verilib.

Jurnalın bu sayında Məhəmmədəli Rəsulzadənin Tehrandan göndərdiyi təbrik mətni yer alıb: “İstiqlalımızın onuncu ilinə müsadif nəşr etdiyiniz “Yaşıl yapraq” məcmuəsinin böyüyərək qocaman bir ağac, qalın bir orman olmasını səmimi qəlbdən təmənni edirəm. Əminiz ki, bu “Yaşıl yapraq” kəndi məmləkətimizdə dərin köklər atacaq və pək eyi səmərələr verəcəkdir. Təbrik edər və müvəffəqiyyətlər dilərəm”.

Bu təbrikin altında tarixi bir fotoşəkil dərc olunub.

Rəştdə Cümhuriyyətin 10-cu ildönümü
Jurnalda çap olunan, Cənubi Azərbaycanda yaşayan mühacirlərin 1928-ci ildə - Cümhuriyyətin onuncu ildönümü münasibətilə çəkdirdikləri bu fotoşəklin orijinalını professor Ədalət Tahirzadə İstanbuldan satın alaraq İstiqlal Muzeyinə hədiyyə edib.

Ə.Tahirzadə şəklin arxasındakı qeydlərə əsasən fotoşəkildəkilərin kimliyini təsbit edib: Öndə oturanlar: Əsədullah İsmayılzadə, Leyla xanım Əliyeva, Əli Hacızadə; Ortada oturanlar: həkim Əlihüseyn Qənbərzadə, Axund Hacı Səlim Axundzadə, Sultan bəy Qulubəyli, Əliağa Əlizadə, Əjdər Babazadə; Ayaqda duranlar: 1) Məhəmmədhəsən Əliyev, 2) Hüseyn Sadıqzadə, 3) Kazım Dadaşzadə, 4) Cahangir Məhəmmədzadə (Muxtarzadə?), 5) Səlim Əliyev, 6) Rəsul Əliyev, 7) Əliəkbər Əliyev, Həmid Həmidzadə (?) , 9) Seyid Əmir Ağazadə.
Jurnalda fotoşəklin izahı bu şəkildə verilib: “Tarixin omuzlarına yüklədiyi milli vəzifəyi sarsılmaz bir mətanətlə istiqlalın çətin yollarında qüdsi hədəfə doğru götürənlərdən bir qrup. Bu rəsm dünyanın nərəsində və hanki şərait təxtində bulunursa bulunsun, hər bir azərbaycanlı, vətənin istiqlalını düşündüyünə bir dəlildir. Azərbaycan istiqlalının 10 illiyi münasibətilə İranda Rəşt şəhərində yapılan təsid mərasiminə aid məcmuəmizə göndərilən bu xatirəyi nəşr ediyoruz”.

Cümhuriyyətin 10-cu ildönümündə çıxan “Yaşıl yarpaq” jurnalının qısa tarixi bu qədərdir. Qeyd edək ki, 1922-ci ildə Bakıda gizli şəkildə “Yaşıl yarpaqlar” adında məcmuə də çıxıb. Görünür, M.Aran jurnalın adını yaşatmaq istəyib...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər