Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qaçaqkənd kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Qaçaqkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxışçılar “Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda sabitliyi şərtləndirən əsas amillərdəndir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan söz açıb. O bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı qəhrəmancasına döyüşən hərbiçilərimiz ordumuz üçün əhəmiyyətli yüksəkliklər əldə edib. İcra başçısı düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən, eləcə də yaralan hərbiçilər haqqında məlumat verib. Mirhəsən Seyidov şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
RİH-in başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərin, xalqın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı abadlıq işlərindən danışan icra bacısı, bir qrup məcburi köçkünün öz doğma torpaqlarına qayıtdığını vurğulayıb.
Daha sonra o, Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda öncə vətəndaşlar Prezident İlham Əliyevin 20 aprel 2023-cü ildə Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xol, Qarabucaq-Xəzər avtomobil yolunun tikintisi və rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər. Sakinlər özünəməşğulluq proqramı, suvarma suyunda yaranan çətinlik, qəyyumluq, internet xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirilir ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.