Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Kürdəxanı Sağlamlıq Mərkəzində, Suraxanı rayonu 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Xəzər rayonu Uşaq Tibbi Reabilitasiya Xəstəxanasında və Qaradağ rayonu 6 nömrəli uşaq somatik sanatoriyasında, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu Bozayran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Qarabağ Regional Mərkəzi tərəfindən “Azərişıq” ASC-nin Beyləqan rayon filialında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.