Bakıda sərnişindaşıma fəaliyyəti göstərən 125 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Teleqraf.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb Nəsimi rayonunda Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Odur ki, sözügedən xətt üzrə avtobuslar alternativ küçə ilə hərəkət edəcək.
Qeyd olunub ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin olunacaq.