Hazırda Qarabağda olan və vaxtilə soyqırımları törədən separatçıların hamısı tutulmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Meşəli hadisəsi yaddaşımdan silinmir, oradakı evlərdə amansızca çox insanı yandırmışdılar. Sərkisyanın, Köçəryanın "fəxr edirəm ki, Xocalı hadisəsində iştirak etmişəm" sözləri hələ də yaddaşımdadır.
Bunu Teleqraf.com-a Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib.
Onun sözlərinə görə, uzun müddətdir soyqırımında iştirak edənləri beynəlxalq axtarışa vermişdik, ancaq heç biri tutulmamış, hamısı cəzasız qalmışdı: "Xaçatryanın tutulmasına çox sevinirəm, o gün olsun ki, Köçəryanı, Sarkisyanı Şuşa türməsində görək. Erməni cəlladlarının hamısı cəzasını almalıdırlar, onlar çox həyasızdırlar. Həmişə demişəm, 1918, 1920, 1967, 1988-ci il hadisələrinin təkrarlanmasının bir səbəbi də odur ki, ermənilər həmişə cəzasız qalıblar.
1918-ci qırğınları ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fövqəladə İstintaq Komissiyası xüsusilə Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri, qətliamları araşdırmaq üçün məsələ qaldıracaqdı. Ancaq Cümhuriyyətin süquta uğraması nəticəsində bu məsələ yarımçıq qaldı. Sonrakı illərdə o cinayətkarlar həmişə cəzasız qaldıqlarına görə bu hal təkrar olunurdu".
Flora Qasımova qeyd edib ki, həmin cəlladlar çox qəddarlıq ediblər, heç birini bağışlamaq olmaz: "Fürsət düşdükcə onları bir-bir tapmaq lazımdır. Onlar vəhşiləşmiş bir tolumdur. Vitali Balasanyan vaxtilə əsirləri dəyişib pul qazanırdı, ən böyük cinayətkar o idi. Birinci haldır ki, biz Qarabağdakı cinayətkarları istintaqa cəlb edirik".