1929-cu ildə İstanbulda mühacir siyasətçi, mühərrir Məhəmmədsadıq Aranın məsul müdirliyində çıxan “Azeri Türk” jurnalının 27-ci sayında “Vətən həsrəti. Yaponiyadan məktub” adlı yazı dərc olunub. Məqalədə Tokiodan məcmuəyə məktub göndərən H. Mustafa adlı bir azərbaycanlının məktubu verilib:
“Cahanın hər köşəsinə yayılıb – rifah içində olsalar belə - vətən həsrəti ilə yanan Azərbaycan gənclərinin duyğularından bir nümunə olmaq üzərə məcmuamız namına göndərilən bu kiçik məktubu dərc edirik:
Möhtərəm müdir bəy!
Təhəddüs edən (məlum) vəziyyətdən dolayı sevgili vətənimdən ayrı qürbəttə yaşamaq məcburiyyətində qaldığım gündən bəri hər dəqiqə duyduğum kədər məni bir cəhənnəm əzabı içində yaşatmaqdadır. Hər nə qədər nəcib yapon millətinin içində mürəffəh (rifah içində) yaşasam da, günlərim il kimi keçir. Ən böyük qayəm sevgili vətənə qovuşmaq və onun torpağını öpməkdir. Milli işlərimizə tərcüman olan “Azeri Türk” və “Yeşil Yaprak” məcmuələrinin hərəsindən iki nüsxəsini Avropadan gələn bir tanışım ən böyük hədiyyə olaraq mənə gətirdi. Vətənpərvər Azərbaycan gənclərinin uzaqdan eşidilən hayqırtıları Vətənə qovuşmaq ümidimizi artırmaqda və bizə iman təlqin etməkdədir. Vətənə olan borcumu əda edəcəyimə inanın. Qəlbimin bütün hərarəti ilə Azərbaycan gənclərini salamlayıram. Hörmətlərimin qəbulunu rica ilə əllərinizi sıxıram, möhtərəm əfəndim.
Tokio, 5 avqust 1929
H. Mustafa”.
Məcmuədə məktubla yanaşı H.Mustafa bəyin yapon universitet tələbələri ilə fotoşəkli də verilib.
“Azeri Türk”ün 1929-cu ildə işıq üzü görən 28-29-cu qoşasayında H. Mustafanın ikinci məktubu da dərc edilib. “Yaponiya məktubları” başlığı ilə verilən məktub Tokioda yaşayan türklər və yaponlar haqqındadır:
“Avropalıların “asiyalı” deyərək istihkar etdikləri (aşağıladıqları) Şərq millətlərinə qarşı necə haqsız bir qürur bəslədiklərini öyrənmək üçün “asiyalı yaponları” bir kərə görmək lazımdır. Tərəqqiyə məzhər olub mədəniyyəti mənimsəyən hər hansı bir millət insanlığın dərəcəyi-qusvasına (ən son dərəcəsinə) ucalmaq imkanını tapır. Necə ki yaponlar tapmışlar. Orijinal mütərəqqi bir millət olan yaponlar digər inkişaf etməmiş “asiya”lılar üçün bir nümunə və eyni zamanda bir iftixar mövzusu ola bilir. Avropalılar Türkiyə Cümhuriyyətini də bir “asiyalı” gözlüyü ilə seyr edirlər. Fəqət Türkiyənin də yaponlar kimi ən yüksək tərəqqiyə nail olacağına həm yaponların, həm də hər türkün qənaəti vardır.
Yapon milləti təməddünün (mədəniləşmənin) ən müstəsna dərəcəsinə çatmış və nəcib insani xislətlərlə müttəsıfdır (vəsflənibdir). Bu millətdə vətən və millət hissi hər millətdən üstündür.
Şəhərləri gözəl, yolları, müəssisələri, məktəbləri, darülfünunları (universitetləri), əsgərləri və s. həp ideal bir intizam və mükəmməlliyət ərz etməkdədir. Yaponiyada – Tokioda 1000-ə qədər türk-tatar ailəsi yaşamaqdadır. Məscid, gənclər birliyi və s. müəssisələri vardır. Bunlar ən müsaid müzahərətlərə nail olaraq bu nəcib millətin himayəsində milli və dini həyatlarını sərbəstcə qurmağa müvəffəq olmuşlardır.
Tokio. Azəri H. Mustafa”.
Məktubla yanaşı Yaponiyadakı bir tatar məktəbi ilə bağlı fotoşəkil də dərc olunub.
Yaponiyadakı mühacir kimdir?
H. Mustafa imzası ilə uzaq Tokiodan İstanbula iki məktub göndərən azərbaycanlı mühacir kimdir?
Yaponiyadakı türk izlərini araşdıran və bu mövzuda bir neçə kitab müəllifi olan professor Ali Merthan Dündarın bizə verdiyi məlumata görə, Tokioda yaşayan bu şəxsin adı Həsən Mustafadır. Tokioda casusluq ittihamı ilə həbs olunub. Türkiyə səfirliyi işə müdaxilə edərək həm vəkil göndərib, həm də təcili surətdə Türk pasportu hazırladıb. Həbsxanadan qurtarılan Həsən Mustafa yenə Türkiyənin yardımı ilə Yaponiyadan qaçırılıb.
Türkiyənin “Vakit” qəzetinin 9 iyun 1933-cü ildə nəşr olunan sayında Mürefte bölgəsindəki neftin işlənməsi ilə bağlı müraciət edənlər arasında azərbaycanlı Həsən Mustafa adlı bir şəxsdən bəhs edilir: “Digər tərəfdən azərbaycanlı Həsən Mustafa ismində bir şəxsin də neft işlətmə imtiyazı almaq üçün Ankaraya getdiyi söylənməkdədir. Bu azərbaycanlı Həsən Mustafa “Turkish American Petrolium” şirkətinin Müreftedəki 170 min lirəlik təsisatına girov qoyduran zatdır. O da nefti işlətmək üçün bu təsisatdan istifadə edəcəkdir”.
Böyük ehtimal burada adı çəkilən Həsən Mustafa ilə Tokioda yaşamış şəxs eyni adamdır.
Neft mühəndisi olan bu şəxsin adına Türkiyə dövlət arxivlərindəki iki sənəddə də rast gəlinir. Türkiyə prezidenti Mustafa Kamal Atatürkün və müvafiq nazirlərin 3 mart 1926-cı il tarixli qərarnamələrində Antalya vilayətinin Afşar və Baları bölgələrində neft axtarmaları ilə bağlı mədən mühəndisi Hüseyn Naci bəylə neft mühəndisi Həsən Mustafa bəylə müqavilə imzalanmasından bəhs olunub. Yenə Atatürkün və nazirlərin imzası ilə 11 aprel 1928-ci ildə verilən qərarnamədə yuxarıda bəhs etdiyimiz Müreftedəki neft məsələsindən yazılıb və bu sənəddə Həsən Mustafa üçün “Bakı neft mədənlərinin sabiq amillərindən” ifadəsi işlədilib. Demək ki, neft axtarışı və işlənməsi ilə Türkiyədə məşğul olan və dövlət tərəfindən yüksək şəkildə qiymətləndirilən Həsən Mustafa Türkiyənin Tokiodan xilas etdiyi şəxsdir.
Azərbaycan nefti ilə bağlı yazılmış bir kitabda Rusiya imperiyasının çökməsi ərəfəsində formalaşan ikinci nəsil neft sahibkarlarının siyahısında Həsən Mustafayev adlı şəxsin də adı çəkilib və qısa bilgi verilib: Kontor: Bakı, st. Poliseyskaya. Firma 1906-cı ildən neft çıxarır; 1913-cü ildə hasilat - 184712 pud; Sahə: Balaxanı; məhsuldar quyu-№5; fəhlələrin sayı – 18.
Həsən Mustafayevin adı 1906-cı ildə yaradılan “Nəşri-maarif” cəmiyyətinin qurucuları arasında da çəkilib.
Uzaq Tokioda mühacir həyatı yaşamış Həsən Mustafa haqqında əlimizdə olan bilgilər hələlik bu qədərdir.