Bir neçə gün öncə Azərbaycanla Türkiyə arasında əczaçılıq məhsulların istehsalı zavodunun tikilməsinə dair müqavilə imzalandı. Müqaviləyə əsasən, zavodda ilkin investisiya dəyəri 35 milyon manat və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək əczaçılıq məhsulları istehsal olunacaq. Bu yeniliyin Azərbaycanda uzun illərdir dərman bazarında davam edən qiymət və keyfiyyət probleminə necə təsir edəcəyi suallar doğurur.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu istiqamətdə hansısa bir fundamental dəyişikliklər gözlənilmir:
"Yenə də o əzablı proseslər davam edəcək. Düzdür, müvafiq qanun qəbul olundu, amma onun icra mexanizmləri ilə bağlı hələ bir aydınlıq yoxdur. Eyni zamanda bu prinsiplərin nə olacağı hələ də tam müəyyənləşməyib. Avropa dərmanları Azərbaycan bazarından çıxıb. Ölkəmizdə Hindistan, Banqladeş və başqa ölkələrin komponentləri zəiflədilmiş dərmanları satışa çıxarılır. Saxta dərman adi bir hala çevrilibsə, bunun yeganə yolu Türkiyə ilə bu məsələni əməkdaşlıq səviyyəsində həll etməkdir".
Millət vəkili vurğulayıb ki, Türkiyə ilə Azərbaycanda ortaq dərman sənayesi sistemini qurmaq və ordan gələn dərmanlar üzərində məhdudiyyətləri götürmək lazımdır: "Çünki Azərbaycan əhalisinin böyük əksəriyyəti keyfiyyətli dərman almaq imkanından məhrumdur. İnsanlar daha baha qiymətə xaricdən dərman almalı olurlar. İmzalanan müqavilənin hansı səviyyədə icra ediləcəyini, Azərbaycan reallığında bunun nə dərəcədə mümkün olacağını indidən söyləmək çətindir. Amma bu, baş tutarsa, müsbət bir tendensiyadan xəbər verə bilər".
Tibb professoru Adil Qeybulla qeyd edib ki, dərman məsələsinə görə Azərbaycan idxaldan asılı ölkədir. Hazırda Rusiya və Ukraynadan dərman idxalında xeyli çətinliklər yaranıb: "Çünki bu ölkələrdə əczaçılıq sənayesi infrastrukturu dağıdılıb. Bizdə də qıtlıq yaranıb. Bununla bağlı Azərbaycan müəyyən işlər görməli, bəzi vacib dərmanların istehsalını öz ərazisində təmin etməyə çalışmalıdır.
Türkiyənin əczaçılıq sənayesi dünyada qəbul edilən sənayelərdən biridir. Türkiyə ilə müştərək fəaliyyətimiz iqtisadi, ictimai həyatın bütün sahələrində, o cümlədən əczaçılıq sənayesində önəmlidir. Bu müqaviləni yüksək dəyərləndirirəm".