Əhməd bəy Ağaoğlu və qadın haqları
İctimai-siyasi xadim Əhməd bəy Ağaoğlu Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar arasında ən çox dəstək verdiyi qadın hüquqları ilə bağlıdır. Xüsusilə 3 aprel 1930-cu ildə qadınlara bələdiyyə seçkilərində seçmə və seçilmə haqqının verilməsi Əhməd bəyin rəğbətinə səbəb olub. Bu qanunun qəbulundan sonra Ağaoğlu məclisdəki çıxışında belə deyib: “Mən keçmişdən bəri qadınlarımızın sərbəst, azad və mütərəqqi Türk anası olmalarının tərəfdarıyam. Bu qanunla bu məqsədimin də hasil olduğunu görməklə bəxtiyaram. Onları böyük bir hörmətlə salamlayır və təbrik edirəm... Bir gün gələcək qadınlar da məbus intixabatında (deputat seçkilərində) iştirak edəcəklər”.
Dörd il sonra Ağaoğlunun bu arzusu da həyata keçdi. 1934-cü ildə Türk qadınları parlamentə də seçmə və seçilmə haqqı qazandı. Bu mövzuda “Cumhuriyet” qəzetində yazdığı “Türk qadınına verilən seçmə və seçilmə haqqı” adlı yazısında Ağaoğlu bu fikirlərə yer verib: “Qadınlarımız bir çox millət qadınlarının həsrət çəkdikləri bu hüququ kişilərdən daha yaxşı istiafdə edəcəklər”.
Əhməd bəy mütəmadi olaraq qadın hüquqlarına diqqət göstərib. Yetişdirdiyi iki qızının Türkiyədə tanınmış simalar olması da onun bu məsələdə liberal görüşlərə sahibliyi ilə izah edilməlidir.
Əhməd bəyin arzularından biri də qadınların ictimai həyatda, təşkilatlanmada aktiv rol oynamalarıdır. Bu baxımdan ömrünün son aylarında “İkdam” qəzetində yazdığı “Türk qadınlarının ictimai vəzifələri” adlı məqaləsi əhəmiyyətlidir. Həmin yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Əhməd Ağaoğlu
Türk qadınlarının ictimai vəzifələri
Böyük inqilabın Türk qadınlarına ictimai həyatın qapılarını ta ardına qədər açdığı hər kəscə məlumdur. Qadınlarımız bu böyük etimada layiq olduqlarını isbat etdilər. Məşğul olduqları hər sahədə şərəfli müvəffəqiyyətlər göstərdilər. Universitetin hər fakultəsindən və hər sinfindən başlayaraq müxtəlif ədli məmuriyyətlərdə, müəllimlikdə, vəkillik kimi sərbəst məsai sahələrində, ədəbiyyatda və sairədə kişilər ilə başbaşa yürüməkdədirlər və bəzi sahələrdə hətta daha ziyadə müvəffəqiyyətlər göstərməkdədirlər.
Mən ta əzəldən Türk qadınının bu qabiliyyət və qüdrətinə inananlardanam. Zatən elmi tədqiqlər dəxi Türk qadınının ibtidai zamanlarda belə kişinin məsai arkadaşı və ailənin ən bərəkətli və feyizli bir ünsürü olduğuna şübhə yaratmır.
Təsəttür məsələsini axmaqca anlayan cahil və mütəəssib xocalar Türk qadınının dörd divar arasına məhkum edərək Türk camaatını bu feyizli və bərəkətli ünsürün bəhrəsindən uzun müddət məhrum etmişdi. Fəqət bu dövrdə belə Türk qadını özünü qeyb etməmişdi və kəndlərdə, ailənin kişi qədər istinadgahı və şəhərlərdə də ailə həyatının tənzim və idarə edən bir amil rolunu mühafizə etmişdi.
Böyük inqilab Türk qadınını təbii mövqeyinə gətirməklə Türk ictimai həyatını təqviyyə və ona yeni bir çox feyiz və bərəkət mənbəyi olacaq bir ünsür əlavə etmiş oldu.
Yeni Türk camaatının ən çox möhtac olduğu, lakin eyni zamanda da ən ziyadə məhrum olduğu şey qəlbdən axıb gələn feyiz və bərəkətlərdir. Türk fərdlərini bir-birinin yardımına və himayəsinə sövq edəcək təsanüd hissləri lazım olduğu qədər açılmamış, ayrılamamışdır. Bunun da ən birinci səbəbi Türk həyatında qəlbin birinci dərəcədə amil olmasıdır. Əgər bizim hər birimiz ayrı-ayrı öz qını içinə girmiş, üstün, ətrafa laqeyd görünürüksə, səbəbi məhz qəlbin lazım olduğu qədər işlənməmiş olmasıdır.
Qəlb dediyimiz zaman həmən qadın məfhumu da öz-özünə tərəssüm edir (canlanır). Şəfqət, mərhəmət, yardıma qaçmaq kimi hisslərin yatağı bilxassə qadın qəlbidir. Yeni Türk qadını yeni Türk camaatına bilxassə bu tərəfdən xidmət eyləyəcək, ictimai həyat sahəsinə atılarkən hər şeydən əvvəl onu təavün (yardımlaşma), təsanüd (birlik), yoxsulların imdadına qaçmaq, fəqirlərin köməyinə varmaq, kimsəsizləri qurtarmaq kimi sahələr üzərində icrayi-fəaliyyət edər görmək istərdik.
Vaqiə bu yolda bir neçə cəmiyyət quruldu! Fəqət böyük bir məmləkət üçün bir neçə cəmiyyət kafi gəlirmi?
Halbuki bizdə orta hallı bir çox xanımlar vardır ki, bu sahələrdə özlərini pək əsil və nəcib məşğələlər gözləyir. Həqiqətdə bu kimi xanımlar vaxtlarını necə keçirəcəklərini, necə öldürəcəklərini belə bilmirlər. Bu vəziyyət, təəssüf ki, poker, bezik və sair kart oyunları ətrafında vaxt qeyb etməyə sövq edir. Bu hal həm ailə həyatı üçün pək də şirin olmayan vəziyyətlər ixdas edir və həm də xanımları vaxtlarını səmərəsiz və faydasız qeyb etməyə şövq eyləyir.
Ah bunlar o beyhudə keçirilən saatların heç olmazsa bir qismini ictimai həyatımızda pək əskik olan şəfqət və mərhəmət işlərinə həsr edə bilsəydilər!!
Ah! Onlar bilsələr, mərhəmət və şəfqətlərinə möhtac nə qədər kimsəsiz cocuklar, yoxsul ixtiyarlar, hər kəs tərəfindən unudulmuş qadınlar vardır.
Burada müzayiqədən və vaxtında dərman yetişdirilmədiyindən ölən cocuklar vardır. Orada imdadına varılmayan bir qadıncığaz can verir, ötədə də bir cənazəni qaldıracaq kimsələr yox.
Halbuki heç olmazsa şəhərlərimizin hər məhəlləsində halı-vaxtı yerində olan xanımlarımız vardır ki, bu kimi hallarda imdada çatacaq cəmiyyətlər təşkil edə bilərlər.
Avropalaşırıq, elə deyilmi? Orta hallı Avropa qadınlarının qismi-mühimmi özlərini bu kimi işlərə vermişlərdir və etdikləri ictimai müavinət pək qiymətlidir. Orada heç bir yerdə bir kimsə özünü tək və qərib hiss etməz. Çünki hər kəsin hər kəsdən xəbəri vardır və taleyin cilvələrinə tərk edilməmişdir. Bizdə isə təəssüf ki əksinədir. Ən qələbəlik yerlərdə belə özlərini yalnız və kimsəsiz görənlər vardır.
Məhz bunun üçündür ki, qəzetlərdən birisində cümhur rəisimizin rəfiqəsi möhtərəm Mevhibə xanımın himayəsi altında bir yardımsevənlər cəmiyyətinin təşəkkül etdiyi xəbərini oxuyaraq pək sevindim. Məhviyyəti və təvazökarlığı ilə ta ötədən bəri bütün Ankaranın dərin hörmətini cəlb etmiş olan bu böyük xanımın bu yolda öndər və örnək olması çox qiymətli bir bəşarətdir. Məmləkətin hər tərəfində bu böyük örnəyi özlərinə rəhbər edəcək bir çox Türk xanımları olacağını ümid edirik.
“İkdam” qəzeti, sayı 79, 3 aprel 1939