"Günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir. Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.
Onun sözlərinə görə, həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar.
Mütəxəssis bildirib ki, vitamin D günəş işığının ultrabənövşəyi şüalarının təsiri altında insan dərisində sintez olunur, buna görə də onu "günəş vitamini" adlandırırlar:
"D vitamini orqanizmin həyatında əvəzolunmaz elementdir və sağlamlıq üçün çox faydalıdır. İnsan orqanizmində D vitamininin əsas rolu qidada olan kalsium və fosforun nazik bağırsaqdan sorulmasını təmin etməkdir. Bu elementlər isə sümüklərin normal inkişafını, dişlərin sağlamlığını təmin edirlər. Vitamin D immun, sinir, əzələ, hormonal, reproduktiv sistemlərin fəaliyyətini möhkəmləndirir, metabolizmi sürətləndirir".
G.İsmayılova günvurma zamanı nə etmək lazım olduğunu da açıqlayıb. O bildirib ki, günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir:
"Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir".