14 Avqust 2023 18:49
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyytinin parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun nadir görüntüləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, araşdırmaçı Kənan Əlizadə tərəfindən təqdim edilən bu kinoxronika 1921-ci ildə Fransada, Bulon-sur Mer şəhərində çəkilib.

Kadrlarda hansısa toplantıya gedən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov , Abbas bəy Atmalıbəyov həyat yoldaşı Reyhan xanım əks olunub.

Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinin sədri olub.

1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirib. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olub. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimidir.

1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunub.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Parisdə mühacir həyatı yaşayıb. Əlimərdan Topçubaşov işğalla bağlı 1 həftə sonra məlumat ala bilib. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy 1934-cü ildə Parisdə vəfat edib.

Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biridir. O, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi sayılır.

1934-cü il Əlimərdan bəy Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbərlərindən olub.. Əməkdaşlıq etdiyi “Revyu de Prometey“, “O” jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunub. Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşayıb, orada Qırmızı Xaç Komitəsində çalışıb, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görüb. Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə. Fətəlibəyli-Düdənginski və F. Əmircanla birlikdə) daxil olub. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olub, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak edib.

Daha sonra ABŞ-a köçüb. 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər