Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan multikulturalizmi" mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Mərkəzin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqiliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıb, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Dahi Rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi sayəsində bu gün Azərbaycanın beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəldiyini qeyd edib. O, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əsrə bərabər inkişaf yolu keçdiyini iftixar hissilə dilə gətirib.
Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz xidmətlərdən danışıblar.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.