Naxçıvan şəhəri Əziz Əliyev küçəsində 3,7 hektar boş ərazidə 13 blokdan ibarət "Yaşıl ada" yaşayış kompleksinin inşası planlaşdırılıb.
Bu barədə Teleqraf.com-a “Bizim Evlər” MTK-dan məlumat verilib.
Bildirilir ki, layihə çərçivəsində 1, 2, 3 və 4 otaqdan ibarət 9 mərtəbəli binalarda təqribən 700 mənzil inşa ediləcək. Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, futbol meydançası, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək.
Bundan əlavə, uşaq bağçası, qadınlar və kişilər üçün qapalı hovuzlar, fitnes zalları da sakinlərin ixtiyarında olacaq. Müasir avadanlıqlarla təchiz olunan binaların qapalı həyəti 24 saat mühafizə ilə təmin ediləcək. Binanın mənfi 1-ci mərtəbəsi əsasən qapalı avtodayanacaq üçün nəzərdə tutulub. Eyni zamanda binanın həyətində də ayrıca avtodayanacaqlar olacaq.
Binanın ətrafında market, aptek, bərbər, dərzi kimi ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.
2023-cü ilin sonuna başlanması planlaşdırılan tikinti işlərinə 300-dən artıq işçinin cəlb olunması nəzərdə tutulur. Modern tikinti tendensiyalarına uyğun dizayn edilən, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yerləşən yaşayış kompleksinin tikintisi 3 ilə tamamlanacaq.