21 Avqust 2023 22:03
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından sonra insanların Güney Azərbaycana və İrana axını ilə bağlı mühacirət mətbuatında kifayət qədər məlumat var. Çünki Müsavat firqəsinin xarici bürosunun müxtəlif şəhərlərdə təmsilçilikləri vardı, mütəmadi şəkildə İstanbuldakı mərkəzə məlumatlar göndərilirdi. Bu təmsilçilər arasında Mirzəbala Məhəmmədzadə, Cəfər Sadıq kimi mühərrirlərin olması bölgədə baş verən ictimai-siyasi hadisələrlə də bağlı məqalələrin yazılmasına səbəb olurdu. Xüsusilə Cəfər Sadıq imzası ilə qələmə alınan yazılarda İrandakı ictimai-siyasi qruplaşmalar, ordu arasındakı vəziyyət barədə kifayət qədər məlumatlar mövcuddur.

“Yeni Kafkasya” jurnalının 15 noyabr 1923-cü il tarixli sayında İrəvan, Naxçıvan, Qarabağdan bir çox mühacirin Güney Azərbaycana mühacirət etdikləri bildirilib. Dərgi 25-dən çox azərbaycanlı zabitin İran ordusunda xidmətə başladığı yazıb, süvari güclərdən birinin komandanının naxçıvanlı Kəlbəli xan olduğunu qeyd edib. Jurnalın bu sayında Xosrov bəy Sultanzadənin qardaşı Sultan bəyin də Təbrizə keçməsi ilə bağlı xəbər dərc edilib.

Ümumiyyətlə, Cümhuriyyətin zabit və siyasi xadimləri İran ordusunda və hökumətində mühüm vəzifələrdə yer alıblar. Məsələn, Təbrizdə polkovnik Kəlbəli xan İran Azərbaycanında yerləşmiş Şimali-Qərbi İran diviziyasının 9-cu atlı alayında komandir vəzifəsini tutub. Digər azərbaycanlı zabit Hacıbəy Seyidbəyli həmin birləşmənin mühəndis taborunun komandiri olub. Azərbaycanın dəmiryolunun keçmiş rəisi Teymur bəy Məlikaslanov İran Azərbaycanının dairə yollarının rəisi vəzifəsində çalışıb.

İstanbulda nəşr olunan “Bildiriş” qəzetinin 4 sentyabr 1930-cu il tarixli sayında dərc olunan “Azərilər ağır vəziyyətdə” adlı xəbərdə yazılıb: “Aldığımız məlumata görə Qafqaz Azərbaycanında davam edən hadisələr nəticəsində İrana iltica edən Azərbaycan mültəciləri son dərəcə ağır və pərişan bir vəziyyətdədirlər. Mini keçən və əksəriyyəti kəndli olan bu ac və möhtac mühacirlər aclıqdan ölümə məhkum olurlar. Onlara yardım edəcək heç bir təşkilat və müəssisə olmadığından müxtəlif xəstəliklərdən qırılmaqdadırlar. Mahmud xan Əfşar və İran mətbuatı “ermənilərlə qan və irq qardaşlığından” hərarətlə bəhs etdikləri halda Ərdəbil, Qaradağ, Maku və Təbriz tərəflərində aclığa məhkum azəri mültəciləri həbs edilərək zindanlara atılmaqdadır. Hər gün Qaradağdan Təbriz nizamiyyə məhbəsinə beş-beş, on-on azəri mültəcisi gətirilməkdə davam edir. On ildən bəri Ərdəbildə yaşayan Cəfər Cəfərli namında məruf azərilərdən birinin ikinci dəfə həbs edildiyi xəbər verilməkdədir”.

“Bildiriş”in məlumatına görə, 20 sentyabr 1930-cu ildə 200-dən çox Azərbaycan kəndlisi Arazı keçərək İrana gedib, 600-700 nəfərlik qafilə də keçməyi gözləməkdədir. Qəzet Türküstanı və İranı dolaşaraq İngiltərəyə qayıdan bir bir ingilis xanımın “Daily Telegraph” qəzetini verdiyi müsahibədən də sitat verib: “Bu səyahətimdə fövqəladə zəhmət çəkdim. Fəqət Rusiyadan fərar edən yüzlərlə mühacirin boğulmaq təhlükəsini nəzərə almadan özlərini Araz çayına ataraq İrana keçmələrinin qorxunc mənzərəsi məni ciddən qorxutdu”.

“Odlu Yurt” jurnalındakı məlumata görə, İrana qaçan mühacirlərə hökumət pis rəftar göstərib, mühacirlərin bir çoxunu ruslara təhvil verib. “Bildiriş”in 18 dekabr 1930-cu il tarixli sayında yeni mühacir qafilələri barədə məlumat verilib: “Təbrizdən alınmış məlumata görə, yenidən Arazı 800 nəfərlik bir mühacir qafiləsi keçərək İrana iltica etmişdir. İran hökuməti bu mühacirləri Savuçbulaq ətrafında Qalatəpə kəndində yerləşdirməyə qərar vermişdir”.

Mətbuatda məşhur azərbaycanlı istiqlalçıların həm bolşeviklər, həm də İran polisinin qətlə yetirdiyinə dair xəbərlər də vardır. Belə ki, 1929-cu ildə Astara şəhərində bolşeviklərin göndərdiyi iki qatil azərbaycanlı mühacirlərdən Əhməd Rəsul bəyi qətlə yetiriblər. “Odlu Yurt” jurnalı artıq bu formada yeddinci cinayətin törədildiyini bildirib. “Bildiriş”in 58-ci sayında isə Təbriz nəzmiyyələrinin Azərbaycan xalq qəhrəmanlarından Qabili öldürmələri barədə xəbər verilib. Məlumata görə, illərdən bəri Təbriz həbsxanasında yatan Qabil çox xəstə olduğunu və xəstəxanaya aparılmasını istəyib. Nəticədə onu xəstəxanaya apararkən yolda “qaçır” iddiası ilə qətl ediblər.

Avropada çıxan mühacirət mətbuatında da Güney Azərbaycanda yaşayan mühacirlərin vəziyyəti ilə bağlı xəbərlər dərc olunub. Məhəmmədəmin Rəsulzadənin Berlində nəşr etdiyi “İstiklal” qəzetinin 44-cü sayında (15 oktyabr 1933) “İrandakı mühacirlərimiz” başlıqlı xəbər dərc edilib. Trabzondan göndərilən xəbərdə İrandakı mühacirlərin vəziyyəti haqqında məlumat verilib:

“Təbrizdən gələnlərin anlatdıqlarına görə, İran Azərbaycanından geriyə - Qafqaz Azərbaycanına keçmək istəyən bir mühacir qafiləsi ilə İran hüdud mühafizləri arasında baş verən hadisə ilə əlaqədar olaraq illərdən bəri ailələri ilə Təbrizdə yerləşən bəzi millətçi azərbaycanlılar Təbriz nəzmiyyəsi tərəfindən həbs ediliblər. Amma hadisə ilə heç bir münasibətləri olmadıqları anlaşıldığı üçün azad ediliblər. İrana Azərbaycandan və Qafqazın başqa yerlərindən mühacir qafiləsi gəlməkdə davam edir. İnsanlar Araz çayını bir çox yerdən qafilə-qafilə keçərək İran hökumətinə sığınmaqdadırlar.

Qış girənə qədər məmləkəti tərk edə bilənlər başlarını götürüb qaçırlar. Ümumiyyətlə, istər ilk mühacirət dövrü qaçqınları ilə son gələnlərin vəziyyətləri məmnuniyyətbəxş şəkildə deyildir. Təhsilini tamamlamaq üçün dünən İrandan Berlinə gələn tələbələrimizdən Ələsgər Teymur bəyin danışdığına görə, İrandakı mühacirlərimizin vəziyyəti son dərəcə acınacaqlıdır... Müşahidimiz yeni mühacirlərimizdən Türküstan yolu ilə İranın Xorasan vilayətinə qaçanlarla görüşüb söhbətləşmişdir. Bu mühacirlər Azərbaycanın sabiq tüccar və ya keçmişdə az-çox varlı zümrəsinə mənsub şəxslərdirlər... Ələsgər bəyə söylədiklərinə görə, İran-Türküstan hüdudunu keçdikləri zaman bəxtlərindən ÇeKanın əlinə keçməmişlər. Onların mühüm bir qismi Şimali İranın Məşhəd şəhərinə gəlmişlər”.

Ümumiyyətlə, mühacirət mətbuatında Güney Azərbaycana və İrana keçən mühacirlər haqqında xəbərlər dərc edilib, orada vəfat edənlər haqqında nekroloqlar qələmə alınıb. Həmin yazılardan biri də Mürəttib Məhəmməd Kərim haqqındadır.

Məhəmməd Kərim

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Mirzəbala Məhəmmədzadənin qurduğu gizli Müsavatın yeraltında çap olunan “İstiqlal” qəzetinin mürəttibi olmuş Məhəmməd Kərim ömrünü Güney Azərbaycanda keçirib. Mühacir Əbdülvahab Yurdsevər 1939-cu ildə “Kurtuluş” dərgisində qələmə aldığı “Mürəttib Məhəmməd Kərim” adlı məqaləsində onun həyatını yazıb:

“Azərbaycanın bu milli matəm günündə ali məqsədimiz yolunda vuruşaraq canlarını fəda etmiş yüzlərlə qəhrəmanları xatırladığımız əsnada ta çar zamanından bəri gizli Müsavat müraciətnamələrini min bir müşkülat içərisində təb edən və Sovet-rus hakimiyyəti əleyhindəki mücadiləmizdə nəşriyyat şöbəmizin dəyərli əzasından olan fədakar bir işçidən bəhs edəcəyik. Bu əməkdaş Məhəmməd Kərimdir.

Yoldaşımız Məhəmməd Kərim keçmiş və siyasi mücadilələrdə sınanmış Müsavat kadrosuna mənsub idi. Çarlıq dövründə üzərinə düşən vəzifəni parlaq bir surətdə ifa etdiyi kimi 27 aprel 1920-ci illə başlayan bolşevizmə qarşı mücadiləyə dəxi dərhal iltihaq etmiş və fəaliyyətinə ciddi surətdə yardım göstərmişdir. 1923-cü ilin 5 oktyabrına qədər nəşriyyat şöbəmizin təb etdiyi 19 nömrəli “İstiqlal” orqanının və firqə proqramları ilə broşuraların hazırlanışında pək istedadlı bir mürəttib olan Məhəmməd Kərimin xeyli yardımı olmuşdur. Mətbəənin ələ keçməsindən sonra başlanan həbslərdə Məhəmməd Kərim də tutulmuş və həftələrcə Çeka gizli siyasi şöbəsinin rəisi Nikolayev, müstəntiq Malçikov, banditlər şöbəsinin rəisi Sumbatov və baş komandan Jarikov tərəfindən müdhiş surətdə döyülərək 1923-cü ilin qışında rütubətli zirzəmilərə və soyuq abdəstxanalara atılmışdı.

Çekistlər xüsusilə Müsavat firqəsinə intisab edən işçilərə hirslənir və onları hər kəsdən daha ziyadə işgəncələrə məruz qoyurdular. Bu kimiləri təkcə əl ilə vurmaq və ayaq altına alıb sümüklərini qırmaqla kifayətlənməyərək dəmirdən düzəldilmiş incə qamçılarla və çılpaq halda döyürdülər.

Məhəmməd Kərim isə adi bir işçi deyildi. Çar zamanında Bakıdakı “Açıq söz” qəzetinin baş mürəttibi, istiqlal dövründə milli Azərbaycan hökumətinin rəsmi orqanı olan türkcə “Azərbaycan” qəzetində çalışdığı üçün o, türk mürəttibləri arasında böyük bir nüfuz sahibi idi. Buna görə də Məhəmməd Kərimə digər müsavatçı işçilərdən daha ziyadə işgəncə etmişdilər. Fəqət bütün bunlara rəğmən Məhəmməd Kərim mətanətini qeyb etməmiş və Çekanı daha imanlı bir müsavatçı olaraq tərk etmişdi. Onunla bərabər tutulmuş yoldaşları Solovkiyə sürgün etdikləri halda Məhəmməd Kərim olduqca dəyərli və nüfuzlu bir mürəttib olduğu üçün müvəqqəti olaraq sərbəst buraxmışlar. Çeka nəyin bahasına olursa-olsun onu qazanmaq və özlərinə casus etmək istəyirdi. Bunun üçün sərbəst buraxıldığının ikinci həftəsində Məhəmməd Kərim Çekaya dəvət edilmiş və müxtəlif vəd və təhdidlərlə Çeka xidmətinə girməsi təklif edilmişdi. Nəhayət, getdikcə artan bu təzyiqlərin və yaxınlaşmaqda olan yeni həbsin qarşısında canından bezmiş olan Məhəmməd Kərim həyat yoldaşı ilə bərabər min bir müşkülat içərisində İrana qaçmış və orada bütün ciddiyyəti ilə firqə işlərinə yardım göstərmişdir. Daima həsrətilə yandığı sevgili Vətənini bir daha görmədən iltica etdiyi İranda həyatı tərk edən Məhəmməd Kərim heç bir zaman unudulmayacaq, firqə və vətən qəhrəmanlarından olaraq milli mücadilə tariximizdə xatirəsi şükranla anılacaqdır”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər