Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində 2 nəfər xəsarət alıb.