6 Avqust 2023 16:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda texnologiyanın qadınlar arasında aktuallığı önəmli məsələlərdən biridir. Sahə ölkəmizdə inkişaf etdikcə gender bərabərliyinin qorunmasına da xüsusi ehtiyac yaranır. Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” Günü kimi qeyd edilir. Bu əlamətdar gün qızları informasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sektorda rolunun artırılmasına dəstək vermək məqsədini daşıyır. Qadınların STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) kosmik sahə və innovasiyada rolunun gücləndirilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Hazırda bununla bağlı dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilir. Məqsəd qadınlarımızın elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində iştirakını gücləndirməklə ümumi inkişafda onların payını yüksəltməkdir.

İKT sahəsində qadınlara qarşı ayrı-seçkilik

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antono Quterreşin sözlərinə görə, ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur. Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir. Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi, biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə, qadınlar görməzdən gəlinir. Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı, qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq. Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir. Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə verilən tibbi qərarlar qadınlara nəyinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər.

“Elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin, zərərli stereotiplərin nəticəsidir. 1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda Nobel mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə isə qadınlar, o cümlədən elm adamları, jurnalistlər tez-tez nifrət nitqinə və onları susdurmaq, utandırmaq üçün təhqirlərə məruz qalırlar. Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır. Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var. Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq.

Bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa kvotalar vasitəsilə qadınların elm və texnologiyada iştirakını, liderlik imkanlarını genişləndirməlidirlər. Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı, bu səyləri davamlı şəkildə göstərməlidirlər. Gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır. Bu yanaşma BMT-də artıq öz nəticələrini verir”, - deyən Baş katib qurumun əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyasının olduğunu bildirib.

Antono Quterreş, həmçinin qeyd edib ki, qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var. “Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyinə nail olmaq istiqamətində qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli, firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq”, - deyə BMT Baş katibi məqaləsində çağırış edib.

Bu gün rəqəmsal innovasiyalar yeni davranış qaydası yaradaraq, yeni tələblər irəli sürür. İndi qadınlar elm və texnologiyalar sahəsinin fəal iştirakçılarıdırlar, innovasiya və yaradıcılıqla məşğul olan qadınların sayı ildən-ilə artmaqdadır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Qadınlarımız istənilən millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir. Yenilikçilik və yaradıcılıq nəticələrini yaradan qadınlar bunları mövcud bilikləri əsasında əmələ gətirir və yeni biliklərə çevirir.

Qeyd edilməlidir ki, iqtisadi sahədə bərabərliyi heç bir ölkə əldə etməyib və yalnız 13 ölkə bu gender fərqinin 80%-lik xəttini fəth edib. DİF-in təhlilində göstərilir ki, ən istənilməz vəziyyət siyasi hüquqlarla bağlıdır. Belə ki, yalnız İslandiya bu bərabərsizliyi 70% artıq əldə edib.

Ümumiyyətlə qeyd edilir ki, iqtisadi sahədə gender bərabərsizliyinin 2025-ci ilə qədər 25% artımı dünya ÜDM-nin 5,3 trln. $ yüksəlməsinə gətirə bilər.

“FemTech” platformasının təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə mətbuata açıqlamasında bildirib ki, texnologiya mövzusu çoxluq üçün, xüsusən də, Azərbaycanda qadınlar üçün yeni anlayışdır: "Buna baxmayaraq, biz gündən-günə bu sahəyə marağı artan qadınlar görürük. UI/UX dizayner, data analitik, maşın öyrənməsi (machine learning) kimi sahələrdə işləyən gənc qızlarımızı görmək mümkündür. Bu sahədə hansısa işlərin getməsi sevindirici haldır. Qadınların texnologiya sahələrinə yönəlməsi yalnız Azərbaycana aid problem deyil. Bu ixtisasların qadınlar tərəfindən seçilməməsinin əsas səbəbi məktəb vaxtı şagirdlərin düzgün yönləndirilməməsidir. Mentorların olmamasının problemləri burada özünü göstərir. Sadəcə qızlar arasında həkimlik və müəllimlik kimi iki seçim verilir. Çünki bəzən valideynlər özü də texnoloji sahələrin olduğunu bilmirlər. Platformalar, dövlət qurumları olaraq, bizim üzərimizə düşən isə qadın liderləri, startap təsisçilərini rol model olaraq göstərməkdir. Bununla da, bu işin yalnız kişi işi olmadığını, bu ixtisaslar üzərindən uğurlu qadınların yetişdiyini başa sala bilərik. Texnologiyada lider olmaq yalnız kişi işi deyil. Yalnız Bakıda deyil, rayonlarda yaşayan qızlarımıza da bunu göstərməliyik".

Yazı “Regional Qadın Hüquqları Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər