23 Avqust 2023 22:04
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalından sonra jurnalist, publisist, dramaturq, parlamentin steneoqrafçısı Mirzəbala Məhəmmədzadə Bakıdakı gizli Müsavata rəhbərlik edib, daha sonra təqiblərdən qaçmaq üçün İrana yola düşüb. O, bir müddət Rəşt və Ənzəli şəhərlərində yaşayıb, oradakı müsavatçıların təşkilatlanmasında önəmli rol oynayıb, eyni zamanda mütəmadi olaraq İstanbulda çıxan “Yeni Kafkasya” jurnalına məqalələr göndərib.

Bu yazıda onun İrandakı həyatı barədə məlumat verilib, eləcə də Güney Azərbaycanda və İranda yaşayan mühacirlərimizin vəziyyəti ilə bağlı yazdığı məqaləsi təqdim olunub.

***
Mirzəbala Məhəmmədzadə 13 avqust 1898-ci ildə Zirə kəndində doğulub. 1914-cü ildə Bakıdakı 7-ci rus-türk məktəbini bitirib, sonra üçüncü ali ibtidai məktəbdə, ardınca Həbib bəy Mahmudbəylinin rəhbər olduğu Bakı texniki sənaye məktəbində rus dilində oxuyub. 1915-ci ildə o, artıq Məhəmmədəmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə yazılar yazıb, həftəlik “Bəsirət” jurnalına baş redaktorluq edib. Cümhuriyyət dönəmində “Azərbaycan” qəzetinin müxbiri olub, parlament açıldıqdan sonra Cəfər Cabbarlı ilə birlikdə orada türkcə stenoqrafçı olub. İşğaldan sonra həbsdən və təqiblərdən qurtulmaq üçün Ənzəli şəhərinə sığınıb. Daha sonra Tehran və Təbrizdə olub. Həmin illərdə o, şəxsi evlərdə müəllimlik edib. Texnikum məzunu olduğu üçün Sulduz mahalında şose yolu inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışıb.

Onunla birgə İranda qalan Hüseyn Baykara yazırdı: “Mirzəbala ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda yorulmadan mübarizə aparıb. Savadsız bir ailədə anadan olmasına baxmayaraq, Mirzəbala bəzi ziyalılar kimi bolşeviklərə qoşulsaydı, onun yeri “Çeka” zindanları deyil, böyük vəzifələr olardı. Əlbəttə ki, buna imkanı vardı, çünki Stalinin sağ əli olan Beriya Mirzəbalanın ən yaxın yoldaşlarından biri idi. O, İranda siyasi mühacir olduğu zaman Beriya öz adamları vasitəsilə ona xəbər göndərərək, mübarizədən əl çəkib Azərbaycana dönməsini təklif edir, lakin Mirzəbala bu təklifi qəbul etmir”.

Mirzəbala Məhəmmədzadənin Rəştdəki fəaliyyəti ilə bağlı isə Hüseyn Baykara bunları yazıb: “1927-ci ildə Azərbaycanı tərk edərək İrana sığınmaq məcburiyyətində olduğum zaman Mirzəbala İran Azərbaycanının Sulduz məhəlində müvəqqəti olaraq yol mühəndisliyində çalışırdı. Daha əvvəlcə Rəşt və Tehranda qalmışdı. Təbrizə gəldi, görüşdük. Bir əqrəbamın “Xiyabani-cədid”də bizə təxsis etdiyi evdə birlikdə 4 ay yarım birlikdə yaşadıq. Qədərin işinə bax ki 1923-cü ildə Bakıda Çekanın mənə qarşı bir ittiham vəsiləsi olaraq irəli sürdüyü “Mirzəbalanın xüsusi katibliyi” İranda özlüyündən həyata keçmişdi. Təbrizdə Azərbaycanın əski milliyyətçi və siyasətçilərindən Teymur bəy Məlikaslanlı, Salman bəy və Ağa Zeynal bəyin yardımı ilə yaşayırdıq. Stalinin agenti olub sonradan İstanbula qaçan erməni çekist Ağabekof Avropada dərc etdiyi xatirələrində o tarixdə Təbrizdə olduğunu və Mirzəbalanı təqib üçün Moskvadan əmr aldığını yazmışdı... Mirzə səhərlər bir müddət ziyarətçiləri qəbul edər, ardınca gələn məktubları və qəzetləri oxuyar, sonra yazmağa başlayardı”.

M. Məhəmmədzadənin 43 illik silahdaşı Əbdülvahab Yurdsevər onun vəfatı münasibətilə qələmə aldığı yazısında Rəştdəki həyatı ilə bağlı maraqlı hadisə qeyd edib: “1924-cü ildə İrana iltica edərək Rəşt şəhərinə yerləşmiş Mirzəbalanı ələ keçirmək üçün Çeka oradakı casusları vasitəsilə geniş tərtibat almış, onu tutub Bakıya gətirmək üçün bir hərbi gəmini Ənzəli (Pəhləvi) limanına göndərmişdi. Ələ keçmək üzrə ikən Qasımbala adındakı təşkilatdakı köhnə yoldaşlarımızdan birinin yardımı və müdaxiləsi ilə qurtularaq Tehrana qaçırılmışdı”.

1927-ci ildə Mirzəbala İstanbula gedərək yenidən Rəsulzadənin yanında yer alıb. Həmçinin, İstanbul Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə o, “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu Yurt”, “Bildiriş”, “Kurtuluş”, “Müsavat Bülteni” kimi qəzet və jurnallarda yazılar yazıb. 1932-ci ildə Polşanın paytaxtı Varşavaya köçən Mirzəbala burada fəaliyyətini davam etdirib. 1936-cı ildə Varşavada keçirilən Müsavatın üçüncü qurultayında yaxından iştirak edib. Almanlar Polşanı işğal etdikdən sonra Mirzəbala İstanbula qayıdıb. 1949-cu ildə Azərbaycan Kültür Dərnəyinin yaradılmasında mühüm rol oynayıb. Rəsulzadənin ölümündən sonra o, Müsavatın lideri olub.

1955-1959-cu illər arasında Münxendəki Sovetlər Birliyini Öyrənmə İnstitutunda çalışıb və bu qurumun çap etdiyi “Dergi” adlı jurnalda məqalələr yazıb. Onun imzası ilə dörd kitab nəşr olunub: “Azərbaycan Misaki-Millisi” (İstanbul, 1927); “Ermənilər və İran” (İstanbul, 1927), “Milli Azərbaycan hərəkatı” (Berlin, 1938), “Azərbaycan tarixində Türk Albaniya” (Ankara, 1951).

Almaniyada ürəyindən müalicə olunduqdan sonra İstanbula gələn M. Məhəmmədzadə 8 mart 1959-cu ildə evində infarktdan vəfat edib. 9 mart 1959-cu ildə Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn olunub.

Mirzəbala Məhəmmədzadə İranda yaşadığı dövrdə İstanbulda çıxan “Yeni Kafkasya” jurnalına İrandakı mühacirlərin vəziyyəti ilə bağlı məqalələr yazıb. Həmin jurnalda çıxan “İran xatirələri. İranda Azərbaycan mühacirləri” başlıqlı yazılarında ta Gülüstan və Türkmənçay müqavilələrindən sonra Güney Azərbaycana və İrana köçmüş mühacirlərin nəsilləri ilə olan görüşlərindən bəhs edilib.

O, 23 noyabr 1924-cü ildə Rəştdən göndərdiyi “İranda bolşevik fəaliyyəti” adlı məqaləsində rusların İranda yaşayan müsavatçıları İran hökumətinin nəzdində gözdən salmaq üçün bolşeviklərin özlərinin qurduqları “İran İstiqlal Komitəsi” ilə müsavatçıların əməkdaşlıq etdiklərini yaydıqlarını bildirib. Mirzəbala bəy Müsavatın rusların yaratdıqları və İranın əleyhinə olan bu qurumla heç bir əlaqəsinin olmadığını, bolşeviklərin Müsavat adına saxta bir mərkəz qurduqlarını qeyd edib: “Halbuki İranda Müsavat təşkilatı namına bir məüssisə yoxdur. Varsa, bir çox azəri mühacir milliyyətpərvərləri vardır ki, İran bayrağına iltica edərək İranın səadət və tərəqqisi üçün bir iranlı qədər çalışmaqdan geri durmurlar. Onlara mütərəqqi, mədəni, qüvvətli bir İran çox lazımdır”. Məhəmmədzadə məqaləsinə əlavə etdiyi qeyddə İran ordusunda olduğu kimi mülki məmuriyyətlərdə də sədaqətlə xidmət edən azərbaycanlıların varlığını bildirib.

Mühacirətdə çıxan “Bildiriş” qəzetinin 3 sentyabr 1931-ci il tarixli sayında İranda əziyyətə məruz qalan mühacirlərlə bağlı Mirzəbala Məhəmmədzadənin “Yenə mühacirlərimizə dair” başlıqlı məqaləsi dərc olunub. Bu yazı oradakı mühacirlərin vəziyyətini geniş şəkildə əks etdirib:

“Yenə Azərbaycanın yad ellərə dağılmış, bilxassə İran kimi qonşu və dindaş bir məmləkətə iltica etmiş fəlakətzədə və himayəsiz mühacirlərindən bəhs edirik. Tarixin qeyd etmədiyi bir vəhşətə qarşı üsyan edərək zəncirlənmək istəmədikləri üçün vətəncüda düşən bu qardaşlarımızın hürriyyət, insaniyyət və istiqlal yolunun haqq və həqiqət aşiqlərinin ələmli və fəlakətli hallarından neçə dəfə daha bəhs etmək məcburiyyətində qalacağıq?

Onların sığındıqları yerlərdə gördükləri müamiləni, tariximizin ən qaranlıq günlərində qonşularından gördükləri rəftarı bu gün qeyd etməsək, sabah mütləq azad olacaq Azərbaycanın məsud uşaqları yaxşı ilə pisi ayırmayacaqlar. Halbuki buna çox ehtiyac olacaqdır.

Heç unutmuram. Beş-altı il əvvəl İranda bir fars münəvvəri ilə münaqişə edirdik. Məclisdə bir avropalı da vardı. İranlı münəvvər Azərbaycanın istiqlal dövrünə istehza edir, Azərbaycanın fəlakətini istiqlal fikrinə düşməsində görürdü. Hər fars milliyyətçisi kimi o da Azərbaycanın istiqlala haqqı olmadığını, Azərbaycanın müstəqil ola bilməyəcəyini iddia edirdi. Mən onu təhrik edən gizli saikə toxunmağa çalışır, Azərbaycandan istər tarixçə, istər hars səviyyə və səciyyəcə çox geridə olduqları halda bu gün müstəqil olaraq yaşayan bir çox Avropa, Asiya və Amerika millətlərini misal olaraq göstərirdim. Avropalı münaqişəmizə müdaxilə etdi və çox yerində bir söz söylədi. Dedi ki: “İstər Azərbaycanın, istərsə Gürcüstanın və digər millətlərin istiqlallarını mühafizə edə bilməmələrinin ən böyük səbəblərindən biri qüvvətli, mədəni və uzaqgörən bir dövlətlə həmhüdud olmamalarıdır. Balkanları və ya Baltik dövlətlərini istiqlala qovuşduran yalnız o kiçik millətlərin özləri olmadı...

İndi o sözləri xatırlayıram. Anlamaq istəyirəm ki, əgər Azərbaycan mühacirləri bir islam İrana deyil, bir xristian Almaniyaya mühacirət etsəydi, heç də Kərbəla əsirləri kimi at önünə qatılıb çöllərə, dağlara, cənubi İranın o heyvan yaşamayan səhralarına sürgün edilməzlərdi. Çünki mədəni məmləkətlərdə milli və dini təəssüblər xaricində onlar qədər qüvvətli insani və mədəni hisslər də hakimdir.

İran hökuməti son müamiləsini Rusiya ilə olan anlaşmaya bağlaya bilər. Doğrusu, İran ilə Rusiya arasında 1921-də əqd olunmuş müahədə ilə Rusiyaya İran ərazisinə girmək haqqı belə bəxş edilmişdir. Ruslar keçən il məzkur müahədənin əhkamına istinadən İran hüdudunu keçmiş və bir çox mühacirlərimizi əsir edərək götürmüşdü. Fəqət Rusiyanın bu müdaxiləsi üçün İrana iltica etmiş mühacirlərin Sovetlər əleyhinə bir müdaxilə hazırlamaları şərtdir. Rusiya mühacirlərin tamamilə İrandan çıxarılmalarını tələb edə bilər. Fəqət bu çıxarmanın da bir üsulu və bir yolu olsa gərəkdir.

İran mühacirlərin çıxmalarına bir müddət təyin etmək istəməyib mühacir qafilələrini Arazboyundan bəhri mühiti Hind sahillərinə göndərməyə qərar verərkən Təbrizlə Van arasındakı məsafənin Təbrizlə Kirman yolundan azı on dəfə qısa və yaxın olduğunu xatırlaya bilərdi.

Məqsəd himayəsiz və kimsəsiz insan qafilələrini süründürmək və məhv olmağa məruz qılmaq deyilsə, əgər bu mühacirlərin bir gunə asanlıqla gələ biləcəkləri qardaş Türkiyəyə gəlmələri arzu edilmirsə, Urmu tərəflərinin insan əli gözləyən yüzlərlə boş və metruk kəndləri bu insan qafilələrinə bir yuva ola bilərdi. Biz zənn etmirik ki, Sovet hökuməti üçün mühacirlərin Urmu, Savuçbulaq, Miyaniçdə yaşamaları ilə Kirman, Yəzd və ya Muhammərədə yaşamaları arasında bir fərq olsun. Bunun əhəmiyyəti olsa-olsa, İraqdan, hətta Amerikadan Urmu ətrafına aysori mühacirətini dəvət edən, cənubi və qərbi İrandan Azərbaycana kürd və lor qəbilələri köçürən, fəqət bir neçə yüz azəri mühacirinin buralarda yaşamasına imkan görməyənlər üçün ola bilər.

Bizi belə danışmağa məcbur edən bizim elimizdən, qanımızdan və canımızdan olan qardaşlarımızın məruz qaldıqları fəlakətdir. Onları qurtarmaq, onları himayə etmək, onları öldürməmək hər kəsin insani vəzifəsidir”.
Mirzəbala Məhəmmədzadənin bu yazısından İranda yaşayan mühacirlərimizin vəziyyətinə dair təsəvvür əldə etmək mümkündür.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər