“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən iki ildən bir qədər artıq vaxt ötür. Lakin mediasiyanı üstün sayanlar və bu üstünlüyü görməzdən gələnlər arasında mübahisə azalan xətt üzrə olsa da, davam edir.
İlkin mediasiya sessiyasının tətbiqini, mediasiyada məcburi iştirakı vaxt itkisi sayanların bir çoxu yavaş-yavaş mediasiyanın üstünlüklərindən yararlanmağa başlamışdır.
Bəzi insanlar düşünür ki, əgər onlar razılığa gələ bilsəydilər, daha işləri niyə məhkəməyə qədər gedib çıxırdı və yaxud da pozulmuş münasibətlərlə bağlı mediasiyada razılaşmanın heç bir effekti olmayacaqdır. Bəziləri isə hesab edir ki, onsuz da hər yerdə ağsaqqal-ağbirçək, dost-tanış mövcuddur və əgər münasibətləri nizama salmaq mümkün olsaydı, elə bunların iştirakı ilə olardı.
Vəkil Elnur Məmmədovun sözlərinə görə, hazırda Azərbaycan Respublikasında ailə, əmək və kommersiya mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak məcburidir və bunun bir sıra səbəbləri vardır: "İlkin mediasiya sessiyasında tərəflərə mediasiyanın üstünlükləri - məqsəd və prinsipləri, könüllülük, konfidensiallıq, tərəflərin hüquq və vəzifələri və s. barədə məlumat verilir. Bundan sonra tərəflərə bu prinsiplər əsasında tam mediasiya sessiyasına keçmək təklif olunur və əgər tərəflər razılaşarlarsa, bununla bağlı mediator və tərəflərin iştirakı ilə mediasiya prosesinin tətbiqinə dair üçtərəfli müqavilə imzalanır. Tam mediasiya sessiyasında mediatorun tərəflərlə təkbətək və birgə görüşləri olur və bu görüşlərdə mediator həm tərəflər arasındakı münaqişəni hərtərəfli öyrənir, həm də razılaşmaya gəlmək və münaqişəni azaltmaq üçün onların təkliflərini uzlaşdırmağa çalışır. Bu cür görüşlərin keçirilməsi tərəflərdən və münaqişənin səviyyəsindən asılı olaraq bir və ya bir neçə dəfə, hətta bir neçə gün də ola bilər. Yekun razılığa gəldikdə isə tərəflər arasında hər iki tərəfin şərtlərini özündə əks etdirən Barışıq sazişi imzalanır. Bəs bunu bir ağsaqqalın və yaxud da yaxın qohumun, tanışın vasitəsilə etmək olmazdımı? Olmaz. Ona görə ki, ağsaqqal və ya dost tanışdan fərqli olaraq, mediator tərəfsiz şəxsdir və bu işin həllində heç bir marağı yoxdur".
Niyə ilkin mediasiya sessiyası?
əkil onu da bildirdi ki, mediasiya prosesində səslənən fikirlər konfidensial xarakter daşıyır və bu məlumatların üçüncü şəxslərə ötürülməsi proses iştirakçıları üçün məsuliyyət yaradır: "Başqa bir səbəb də odur ki, mediatorun iştirakı ilə əldə edilən razılıq hər iki tərəfin şərtlərini özündə əks etdirən yazılı Barışıq sazişilə rəsmiləşdirilir. Bəs bu yazılı sazişin hüquqi qüvvəsi nədir? Saziş icra edilməzsə, bunun nəticəsi nə olacaq? Saziş icra edilmədiyi təqdirdə, tərəflərdən biri ərizə (xüsusi icraat qaydasında) ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir.
Məsələ burasındadır ki, məhkəmə bu zaman işin hallarını araşdırmır, sadəcə olaraq tərəflər arasında bağlanmış sazişi olduğu kimi təsdiq edərək, icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərir və sazişlə müəyyən edilmiş öhdəliklər məcburi şəkildə icra edilir. Əslində ilkin mediasiya sessiyası zamanı gələcəkdə bağlanacaq Saziş icra edilməyəcəyi təqdirdə onun məhkəmə qaydasında təsdiq edilməsi və məcburi şəkildə icra edilməsi üçün icra şöbəsinə göndərilməsi barədə tərəflərə məlumat verildiyi üçün, adətən mübahisə bu mərhələyə qədər gəlib çatmır".
E.Məmmədov onu da qeyd etdi ki, yuxarıda sadalananlar mediasiyanın daha üstün olduğunu deməyə əsas verir: "Əvvəla mediaya prosesi nəticəsində tərəflər vaxta və əlavə xərclərə qənət etmiş olur. İkincisi isə, əgər məhkəmə mübahisəsində tərəflərdən biri qazanacaqdısa, mediasiya vasitəsilə Saziş bağlayan tərəflərin hər ikisi qazanır.
Bəs məhkəmədə qazanmaq şansı olan tərəf öz mənfəətini mediasiya vasitəsilə qarşı tərəflə bölməyə niyə razı olur? Ona görə ki, məhkəmədə iddianın təmin edilməsi ehtimalı nə qədər çox olsa belə, işin gedişində “arzuolunmaz” hallarla rastlaşmaq ehtimalı həmişə mövcuddur. Hələ nəzərə alsaq ki, iş birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından keçməlidir, o zaman işin nə ilə yekunlaşacağını bilmək çox çətindir və yaxud da birinci instansiyada tərəflərdən birinin xeyrinə çıxan qərarın yuxarı instansiya tərəfindən ləğv edilməsi ehtimalı həmişə var. Buna görə də aylarla, bəzən isə illərlə ehtimalların nəticəsini gözləməkdənsə, müəyyən şərtlər daxilində az itki ilə razılıq əldə etmək tərəflərə daha əlverişli görünür".
Həmsöhbətimiz əlavə etdi ki, mediasiya ölkəmiz üçün yeni olduğundan onun bütün vasitələrlə təbliğ edilməsinə ehtiyac vardır: "Televiziya, radio, qəzet, jurnal və yaxud da internet resurslarından istifadə etməklə aparılan təbliğatın nə qədər böyük effekti olsa da, üzbəüz təbliğatın daha təsirli və uğurlu olması danılmazdır. Bununçün isə ən yaxşı vasitə ilkin mediasiya sessiyasının tətbiq edilməsidir ki, bundan da hazırda ailə, əmək və kommersiya mübahisələrində istifadə edilir. Lakin zaman keçdikcə ilkin mediasiya sessiyasında məcburi iştirak öz yerini könüllü mediasiyaya verəcəkdir. Artıq təcrübə də göstərir ki, mediasiyaya könüllü müraciət edənlərin sayı artmaqda davam edir. Bu isə mediasiya vasitəsilə problemlərin həllinin gələcəkdə daha geniş və effektli olacağını düşünməyə əsas verir".