Qeyri-sabit hava şəraiti avqustun 30-dək davam edəcək, küləyin sürəti 20-23 m/s-dək güclənəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, avqust ayının 29-u gecə saatlarında Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə isə Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə və Böyük Qafqazın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunub:
"Belə ki, şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu gün günorta saatlarında Goranboy rayonunun bəzi kəndlərinə yağan intensiv leysan yağışları nəticəsində yamaclardan daxil olan yağış suları Gorançayın aşağı axınında sel əmələ gətirib.
Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə isə leysan xarakterli yağış yağacağı, yarımadanın bəzi yerlərində şimal-qərb küləyinin 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bölgələrdə isə avqust ayının 30-dək qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Həmçinin şimal-şərq küləyinin bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək. Gözlənilən intensiv leysan yağışları ilə əlaqədar respublikanın dağ çaylarında, Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Lənkəran, Astara bölgəsi, o cümlədən Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun ərazisindən axan bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır".