“2014-cü il ərzində 15 hadisə nəticəsində 25 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, nəticədə dörd hərbçi və bir mülki şəxs həlak olub, 8 mülki şəxs və 12 hərbçi yaralanıb: “Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi 2003-cü ildən başlayaraq Azərbaycan ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir. Açıqladığımız son rəqəmlər də aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlara əsaslanır”.
H.Səfixanov bildirib ki, 2014-cü ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Qazax, Ağdam, Tovuz, Naxçıvan MR, Füzuli, Tət-tər, Göyçay, Abşeron rayonlarının və Sumqayıt şəhərinin ərazisində baş verib: “Təşkilat olaraq qeyd edirik ki, bizim qeydə almadığımız hadisələrin olması faktı istisna olunmur”.
BƏXTİYAR