“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində üçüncü onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.
“Vətən Bağı” STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev təlim iştirakçılarını salamlayaraq təlimin mahiyyəti və aktuallığı haqda onlara məlumat verib, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb. E.Tarverdiyev belə layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib, gələcək layihələrdə də şəhid və qazi ailələrinə diqqətin ayrılacağına ümidvar olduğunu bildirib.
Sonra söz layihənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyevə verilib.
Təlimçi Samir Mehdiyev bildirib ki, bundan əvvəlki təlimlərdə sosial media ilə tanışlıq, kiçik və orta bizneslər üçün sosial media statistikaları haqda danışılıb, həmçinin sosial media ilə işin effektiv nəticəsi haqda iştirakçılar məlumatlandırılıb. "Bu dəfə isə mövzumuz 2023-cü ildə sosial mediada trendlər və qadağalardır" - deyən təlimçi mövzu ilə bağlı iştirakçılara əhatəli məlumat verib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.