Prezident İlham Əliyev 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Bu qərar kənd təsərrüfatının inkişafına yeni təkan vermək, onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə “Kənd təsərrüfatı ili”nə dair tədbirlər planını bir ay müddətində hazırlayıb prezidentə təqdim edəcək.
KTN-nin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin qəzetimizə bildirdiyinə görə, tədbirlər planının hazırlanması üçün müvafiq işlərə başlanıb: “Tədbirlər planının kənd təsərrüfatında bütün sahələri əhatə etməsi nəzərdə tutulub”.
Kənd təsərrüfatına qayğı təqdir olunmalıdır
Azərbaycan Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev son zamanlar kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyini təqdir edir: “Kənd təsərrüfatı məhsullarına hər birimizin ehtiyacı olduğu üçün bu sahənin inkişafı hamının istəyidir. Yaxın 5-10 ilə qədər Azərbaycanın bütün iqtisadi həyatı neftdən asılı vəziyyətdə idi. Son illər möhtərəm prezidentimizin qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı ilə bağlı verdiyi sərəncamlar, fərmanlar çox təqdirolunan haldır.
İlin başlanğıcında iqlim şəraiti ilə əlaqədar qarın yağmaması, quraqlıq və sair amillər kənd təsərrüfatında məhsuldarlığın bu il də az olacağı ehtimalını gücləndirib. Kənd təsərrüfatı ilinin elan olunması isə bu sahəyə qayğının artacağından xəbər verir".
Ötən il kənd təsərrüfatına 650 milyon manat ayrılıb
Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük potensialı olduğunu bildirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, bu sahədə qəbul olunan qərarlar, sənədlər az deyil, ancaq bu sənədlərin icrası üçün əməli fəaliyyətə keçməyin zamanıdır: “Ölkənin strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarına olan tələbatını ödəmək üçün müvafiq kurs müəyyənləşməlidir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü il dekabrın 1-nə kimi ölkədə 2379 min ton taxıl istehsal olunub, bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 582 min ton azdır. Digər kənd təsərrüfatı məhsullarından kartof 173 min ton, tərəvəz 22 min ton, pambıq 2 min ton, üzüm 5 min ton, şəkər çuğunduru 14 min ton, tütün 0,6 min ton, yaşıl çay yarpağı 8 min ton, ət istehsalı isə 31 min ton azalıb.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 8,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz aşağı enib. 2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azalıb. Bütün bunlar ondan xəbər verir ki, kənd təsərrüfatında uzun müddət ciddi və əsaslı işlər görülməlidir. Ötən il kənd təsərrüfatına dövlət büdcəsindən ayrılan maliyyə 650 milyon manatı keçib. Bu qədər dövlət dəstəyi ayrıldığı halda geriləməyə səbəb nədir?"
Peşəkar kadr lazımdır
Ekspert hesab edir ki, bu sahənin inkişafı üçün ciddi kadr çatışmazlığı var: “Texniki peşə məktəblərində ixtisaslı peşəkarlar yetişdirilməlidir. Ali təhsilli mütəxəssis qıtlığı da vurğulanmalıdır”.
Aqrar Universitetdən bildiriblər ki, onların hazırladığı kadrların hamısının iş təminatı üçün xüsusi mexanizm hazırlanıb və bu kadrların yerlərdə iş təminatı var.
Vahid Məhərrəmov bildirdi ki, Gəncədə fəaliyyət göstərən Aqrar Universitetin hazırladığı kadrların sayı yetərincə deyil, digər tərəfdən, tələbələrin hazırlıq səviyyəsi yüksəldilməlidir: “Tələbələr öz ixtisasları üzrə təcrübə keçməlidirlər. Universitetin nəzdində Seleksiya və Genetika İnstitutu var. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 10-dan çox institut fəaliyyət göstərir. Bu institutların fəaliyyətində heç bir irəliləyiş görünmür. Heyvandarlıq sahəsində məhsuldar cinslərin alınması istiqamətində Elmi-Tədqiqat
Heyvandarlıq İnstitutunda hansı uğurlu addımlar atılıb?
Yaxud bitkiçilikdə məhsuldar sortlar yetişdirilibsə, niyə külli miqdarda maliyyə vəsaiti xərcləyib xaricdən, məsələn, Stavropoldan toxum idxal edirik, mal-qaranı Avropadan gətiririk? Kənd təsərrüfatı olduqca mürəkkəb sahədir və bu sahəyə hərtərəfli yanaşma lazımdır. Bu sahədə yüksək ixtisaslı mütəxəssislərin olması da azdır, bu kadrlar həm də öz işinə yaradıcı yanaşmağı bacarmalıdır. İqlim şəraitinin dəyişməsindən asılı olaraq, vəziyyətdən çıxış yolunu bilməlidir. Mütəxəssislərin elmi bazası güclü olmalıdır.
Bitkinin fiziologiyasını, torpağın altında gedən prosesləri, ətraf mühitlə, iqlimlə, mövsümlə, suyla, texnika ilə, qida ilə bağlı məqamları bilmədən aqrar sahəni idarə etmək mümkün deyil. Bu sahədə bir neçə elmin vəhdəti var. Mən deyərdim ki, kənd təsərrüfatı tibb sahəsindən də mürəkkəbdir. Bitki də insan kimi canlıdır, amma insandan fərqli olaraq bu canlının dili yoxdur ki, öz problemini desin. Eləcə də heyvandarlıq sahəsi. O ölkələrdə ki kənd təsərrüfatının elmi bazası yüksəkdir, orada potensialı yüksək olan kadrlar da var".
Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan sahə
Azərbaycanda qeyri-neft sektorunun inkişafında aparıcı rol oynayacaq sahənin məhz kənd təsərrüfatı olduğunu deyən Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov ölkədə kənd təsərrüfatı ili elan olunmasının ötən ildən gözlənildiyini bildirdi.
Onun fikrincə, hazırda kənd təsərrüfatında əkinə yararlı torpaq sahələrinin keyfiyyətini artırmaqla, istifadəsiz qalan sahələrin kənd təsərrüfatı istehsalına cəlb etməklə Azərbaycan çox böyük iqtisadi gəlir əldə edə bilər: “Yeni əkin sahələrinin salınması, məhsuldarlığın artırılması nə qədər yeni iş yerlərinin açılması, insanlarımızın sosial rifah halının yaxşılaşması və yerli mühitə uyğun keyfiyyətli məhsulla təminatı deməkdir. Ümumiyyətlə, bu sahənin inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan sahədir.
Kənd təsərrüfatında prioritet sahələr müəyyənləşməlidir və o sahələrin inkişafı üçün müəyyən imtiyazlar tətbiq edilməlidir. Azərbaycanda çayçılıq, pambıqçılıq, üzümçülük kimi yüksək gəlir gətirən sahələrin inkişafına ehtiyac var. Sovet dövründə 1 milyon ton pambıq istehsal edilirdi, hazırda bu rəqəm 90 min tondur. Rusiyada keçmiş SSRİ məkanında ən uğurlu iqtisadi inkişafı olan ölkələrin müəyyənləşməsi ilə bağlı sorğu keçirilib. Rusiyalılar ilk üçlükdə birinci Belarus, ikinci Qazaxıstan, üçüncü Azərbaycanın adını çəkib.
Azərbaycan ilk üçlükdə yer alıbsa, bizim məhsullarımıza Rusiyada bu qədər önəm verilirsə, meyvə-tərəvəz, digər məhsullarımızın ixracını niyə artırmayaq? Bunun üçün işçi qüvvəmiz də yetərincədir, potensial imkanlar da var, sadəcə, dəstək göstərilməlidir. Odur ki, kənd təsərrüfatı ili elanından yararlanmaq lazımdır. Məsələn, yerlərdə aqroparkların yaradılması yaxşı haldır, amma bu kampaniya xarakterli olmamalıdır. Ölkənin inkişafı, regionun inkişafı üçün aqroparkların böyük əhəmiyyəti var. Bizim yerli xüsusiyyətlərə uyğun olan toxum fondumuz olmalıdır. Bir sözlə, kənd təsərrüfatı daim zəhmət, iş, qayğı, dəstək tələb edən böyük gəlir sahəsidir. Bu sahədə hərəkətsiz inkişaf yoxdur".
Sevil HİLALQIZI