22 Sentyabr 2023 12:03
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TikTok” platformasında məni təhqir edən, şərəf və ləyaqətimə xələl gətirən sözlər işlədən şəxsi tanımıram. Onu ilk dəfə məhkəmədə gördüm.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytı və Ayna TV-nin təsisçisi Elçin Şıxlı deyib.

O bildirib ki, sosial şəbəkədə onu təhqir edən şəxsə qarşı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb: “Qayda budur ki, vətəndaş harada qeydiyyatdadırsa, məhkəmə işləri də orada aparılır. Şəxs Bakıda yaşayır, amma Lənkəran qeydiyyatındadır.

Lənkəran şəhər məhkəməsi dünən onun barəsində qərar çıxardı. İnzibati qaydada 1500 manat cərimə olundu. Həmin şəxsi də məhkəmədə gördüm. Yaşlı, bir qədər də çılğın adamdır. Onun aləmində xalq artisti Rasim Balayevi tənqid edənləri tənqid etmişəm. O da Rasim Balayevi xoşlamadığına görə hirslənib, ağzına gələni sosial şəbəkədə deyib. Haqqımda tərbiyəsiz sözlər söyləmişdi”.

Elçin Şıxlı məhkəməyə müraciət etməyinin səbəblərindən də danışıb: “İnsan insanı tənqid edə, nədənsə narazı qala bilər. Fikrini gərək etik çərçivədə bildirsin. Sosial şəbəkələrdə hamı özünü qəhrəman hiss edir. Belə düşünür ki, sosial şəbəkədir də, dedim, heç kim məni tapmayacaq, məni tutmayacaqlar, mənə gözün üstündə qaşın var deməyəcək. Məhkəməyə ona görə verdim ki, insanlar öz hərəkətlərinə görə cavabdehlik daşıdığını bilsinlər. Kimə dərs olar, ya olmaz, bu, başqa məsələdir...”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər