22 Sentyabr 2023 20:27
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazılarımızda Azərbaycan Cümhuriyyətinin işğalından sonra Güney Azərbaycana və İrana mühacirət edən önəmli şəxsiyyətlərimizin bəziləri haqqında məlumat vermişdik.

Bu dəfə də onlardan ikisi haqqında bəhs edəcəyik.

Kəlbəli xan Naxçivanski

İran ordusunda mühüm mövqe əldə etmiş Kəlbəli xan Naxçıvanski 1891-ci ildə Naxçıvanda doğulub. 1909-cu ildə kadet korpusunu bitirib, Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. Çar Rusiyasının dağılmasından sonra Naxçıvan bölgəsində yerli əhalinin təşkilatlanmasını və qorunmasını həyata keçirib.

Kəngərli nəslindən olan Kəlbəli xan Araz-Türk Cümhuriyyətinin başçısı Cəfərqulu xanın oğlu, Cəmşid Naxçıvanskinin böyük qardaşı olub. 1917-1920-ci illərdə ermənilərin törətdiyi qırğınlar zamanı orada fəaliyyət göstərən Kəlbəli xan bölgənin qorunmasında önəmli işlər görüb. Onun başçılığı ilə müdafiə dəstələri yaradılıb, Andronikin qüvvələrinə qarşı mübarizə aparılıb. İngilislər və amerikalıların Naxçıvanda olduğu müddətdə də Kəlbəli xan geniş nüfuz sahibi olub.

Erməni nümayəndəsinin 20 sentyabr 1919-cu ildə yazdığı raportda qeyd edilib: “Faktiki olaraq hakimiyyət yerli başçı Kəlbəli xana aiddir”.

Türkiyə hökuməti onu Naxçıvanın müdafiəsindəki xidmətlərinə ali ordenlə təltif edib, Azərbaycan hökumətinin fərmanı ilə general mayor rütbəsi verilib.

Amma Kəlbəli xanın Cümhuriyyət hökuməti ilə münasibətləri pis olub. Mərhum tədqiqatçı Aydın Hacıyev bu barədə yazıb: “Azərbaycan nümayəndələrinin fəaliyyətinə maneçilik göstərən Kəlbəli xan həm siyasi, həm də iqtisadi cəhətdən şah İranına daha çox meyil edirdi”.

Qırmızı ordunun Naxçıvana gəlməsindən bir müddət əvvəl – 20 iyul 1920-ci ildə Kəlbəli xan Güney Azərbaycana keçib. O, əvvəlcə Ərdəbilə vali təyin edilib, daha sonra Təbrizin komendantı olub. Eyni zamanda İran ordusunda ali rütbəli zabit kimi fəaliyyət göstərib. Haqqında şeirlər yazılıb. Onlardan iki bənd xatirə qalıb:

Kəlbəli xan bir cəng idi
Dəryalarda nəhəng idi.

“Bildiriş” qəzetində Kəlbəli xan Naxçıvanskinin öldürülməsi ilə bağlı xəbər dərc edilib: “2 avqust tarixli Tehran qəzetləri qısa bir xəbərlə sərhəng Kəlbəli xan Naxçıvanlının şəhadətini və Təbrizə gətirilərək mərasimlə dəfn olunduğunu, bu münasibətlə Tehranın Sepahsalar məscidində şah Pəhləvi dərbarinin mühasibat rəisi ağayi Diba tərəfindən bir təziyyət məclisi tərtib edilmiş olduğunu xəbər verdilər. Milli Azərbaycan ordusunun qəhrəman zabitlərindən Kəlbəli xan bolşevik istilası üzərinə İrana iltica eyləmiş və on bir ildən bəri İran Azərbaycanında İranın şimali-qərb ordusunda bahadiran fevcində xidmətdə bulunmuşdur. Mərhum Azərbaycan istiqlalına təqəddüm edən sənələrdə vətəni Naxçıvanı ermənilərə qarşı qəhrəmancasına müdafiə etməsi Bakı cəbhəsində istiqlal hərbinin müvəffəqiyyətlə nəticələnməsi və milli Azərbaycan Cümhuriyyətinin təəssüsü üzərinə “Nəqşi-cahan” deyə təsmiyyə olunan gözəl Naxçıvanın ana vətənə iltihaqına səbəb olması ilə tanınmış bir qəhrəmandır. Əli xanın İranın ən zəif və hərc-mərc zamanında gəlmiş, İran Azərbaycanında yarım şah olan feodalların aradan qaldırılmasında, yeni İran ordusunu təşkilində böyük xidmətləri olmuşdur. Həmən bütün kürd üsyanlarının tənqilində iştirak etmiş olan mərhum xüsusi istihbaratımıza görə, İran əleyhinə Ağrı və Maku tərəflərində qiyam etmiş olan kürdlərlə mücadilədə şəhid düşmüşdür”.

Tədqiqatçı İbrahim Bağırovun yazdığına görə, 1826-1828-ci il müharibələrində Kəngərlilərin Rusiyanın tərəfində olması, Kəlbəli xanın Güney Azərbaycanda yaşayan türklər arasındakı geniş nüfuzu və qardaşı Cəmşid Naxçıvanskinin qırmızı orduda yüksək rütbədə olması İran hökumətini qorxudurdu. Ona görə də kürdlərə qarşı döyüşlərin birində Kəlbəli xan şahın əmri ilə xaincəsinə qətlə yetirilib.

Soltan Məhəmməd bəy Qulubəyli

Soltan Məhəmməd bəy Allahyar bəy oğlu Qulubəyli 1875-ci illərdə Güney Azərbaycanda, Qaradağın Qocabəyli yaylağında Şahsevən ailəsində doğulub. Köçəri Şahsevənlərin başçısı olmuş atası 1877-ci ildə vəfat edib.

Özünün yazdığına görə, soykökü Muğana cənubdan köç edən türkmən tayfalarına bağlı olub. Təqdim etdiyi şəcərədə Soltan Məhəmməd bəy 14-cü nəsli təmsil edib. Şəcərənin başında göstərilən Yaqubcan Soltan Yaqublu Türkmən XVI əsrin sonu, XVII əsrin əvvəllərində Şah Abbasın vaxtında yaşayıb, qorçubaşı olub. Yaqublu tayfası Şah Abbasın yaratdığı ilk Şahsevən tayfalarının təməlində yer alıb. Soltan Məhəmməd bəy 1955-ci ildə xatirələrini qələmə alıb. Xatirələrdə Muğan və Lənkəranda 1917-1921-ci illərdə cərəyan edən tarixi hadisələr və Pişəvəri dövrünə aid bəzi olaylar yer alıb.
Soltan Məhəmməd bəy ittihadçı olub, mühacirətdə Müsavata meyillənib.

Azərbaycan Çekası 18 noyabr 1925-ci il tarixli gizli raportunda onu ingilis casusu olaraq göstərib. Qulubəylinin Rəştdəki ingilis konsulu ilə münasibətləri olub. Raporta görə Soltan Məhəmməd vaxtilə Muğanda ruslara qarşı vuruşub, Lənkəran əhalisi arasında böyük hörmət qazanıb. 1920-ci ildə həbs edilsə də, 1922-ci ildə Ərdəbilə qaça bilib. 1922-ci ilin avqustunda Ənzəliyə keçib. Qulubəylinin rus mühacirləri ilə də əlaqələri olub.
Soltan Məhəmməd bəy 6 iyun 1964-ci ildə vəfat edib, Tehranda İmamzadə Abdullahın qəbristanlığında dəfn olunub. 2022-ci ildə xatirələri “Təlatümlü illər” adı ilə ilə çap olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər