Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bidirilib ki, təlim proqramının təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə qərarlarının qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılması, yaranmış əməliyyat şəraitinin təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlər barədə təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Təlim iştirakçılarına yuxarıda göstərilən istiqamətlər üzrə mühazirələr keçirilib, həmçinin Koreya Geoloji və Mineral Ehtiyatlar İnstitutunun nəzdində Zəlzələ araşdırma mərkəzi və Koreya Su Resursları Korporasiyasına səfərlər təşkil edilib, qurumların fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.