26 Sentyabr 2023 15:30
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) mədən ərazisində ekoloji monitorinqin keçirilməsi, sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi üzrə qiymətləndirilmənin aparılması məqsədilə dəvət olunmuş dağ-mədən sektorunda beynəlxalq təcrübəyə malik Böyük Britaniyanın “Micon” International Co Limited Şirkətinin keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış xoşagəlməz hadisə ilə əlaqədar beynəlxalq şirkət tərəfindən ərazidə monitorinqlərin aparılması, ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələlərinin qiymətləndirilməsinə dair müvafiq tapşırıq verdiyini bildirib.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nəticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verib.

Qeyd edilib ki, əhalini narahat edən məsələlərin həlli istiqamətində verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar “Micon” International Co Limited Şirkəti Azərbaycana dəvət olunmuş və 2023-cü il 25 iyul-01 avqust tarixlərində beynəlxalq şirkətin ekspertləri tərəfindən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdən - Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilmiş, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülmüş, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülmüşdür.

Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülmüş, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşulu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilmişdir.

Gədəbəy mədən sahəsindən və ətraf ərazilərdən, o cümlədən tullantı anbarı və boru kəməri dəhlizi ətrafındakı sahələrdən və ətraf yaşayış məntəqələrindən ümumilikdə, 29 nöqtədən torpaq nümunələri götürülərək 17 parametr üzrə (pH göstəricisi, sulfatlar, kalsium, maqnezium, ümumi sianid, radiasiya və s.) təhlillər həyata keçirilmişdir.

Gədəbəy mədən sahəsi və ətraf yaşayış məntəqələri daxil olmaqla, 8 nöqtədə portativ qaz, toz, səs-küy, vibrasiya və radioaktivliyi ölçən analizatorlar vasitəsilə havanın keyfiyyətinin monitorinqi üzrə ümumilikdə, 32 ölçmə işi yerinə yetirilmişdir.

“Micon” International Co Limited Şirkəti tərəfindən hazırlanan hesabatda “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin sağlamlıq, ətraf mühit, əməyin mühafizəsi və yerli icmalarla əlaqələrin idarə edilməsi məsələlərində fəaliyyətinin çatışmayan tərəflərinin qiymətləndirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanmış, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilmişdir.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınmışdır. Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər.

Vurğulanıb ki, eyni zamanda istehsal sahəsi və ətraf ərazilərdən götürülmüş torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olmuşdur. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah etmişdir.

Müəssisənin 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir.

Bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqların köhnə olduğundan, mədən sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün istismar, ekoloji, sosial və təhlükəsizlik istiqamətlərində investisiya yatırımı tələb olunur.

Eyni zamanda, ərazidə monitorinqlərin aparıldığı, qeydə alınan risklərin araşdırıldığı və əhalini narahat edən məsələlərlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin verildiyi qeyd olunub.

“Azərbaycan Beynəlxalq Mədən Şirkəti” ərazidə monitorinq keçirən “Micon” International Co Limited Şirkətinin təhlil və tövsiyə xarakterli hesabatı ilə tanış olub və hesabatda göstərilənlərlə razılaşaraq qeyd olunan tövsiyə və tapşırıqların icrası ilə bağlı müvafiq icra qrafiklərinin qısa müddət ərzində hazırlanmasını və təqdim olunmasını öz üzərinə götürüb.

Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sakinləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlərin həlli, eyni zamanda görüləcək işlərlə bağlı tapşırıqlar verib.

Müvafiq tövsiyə və tapşırıqlara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər