27 Sentyabr 2023 00:25
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kişineuda Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşündə söyləyib.

S.Əliyeva bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir.

Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verən Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.

Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyən İqor Qrosu bildirib ki, Moldova haqlı mübarizəsində həmişə Azərbaycanın yanında olub. Bu gün də Moldova dövləti Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir.

“Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. Biz bu əlaqələri möhkəmləndirmək istəyirik”, - İ.Qrosu əlavə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Qeyd edək ki, S.Əliyeva Moldova Xalq Müdafiəçisi Aparatının yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Kişineuda səfərdədir. Azərbaycan Ombudsmanı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər