27 Sentyabr 2023 23:54
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri, nəfis tərtibatlı “Göyçay Ensiklopediyası” işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, nəşrin ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur.

Nəşr haqqında məlumat verən Elxan Süleymanov bildirib ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə ithaf olunan ensiklopediyaya Göyçayın tanınmış şəxsiyyətləri haqqında məqalələr daxil edilib: “Kitabda bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr, müvafiq xəritələr yer alıb. Kitabda Göyçayın tarixi, ədəbi-mədəni mühiti, folkloru və mərasimləri, etnoqrafiyası, maddi mədəniyyəti, toponimləri, din xadimləri və dini abidələri, bölgədə mövcud olan tarixi abidələr haqqında tanınmış tədqiqatçılar tərəfindən yazılmış oçerklərlə də tanış olmaq olar”.

Qeyd edək ki, ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır.

951 məqalənin, 11 irihəcmli oçerkin yer aldığı kitab çoxsaylı illüstrasiyalar və xəritələrlə zənginləşdirilib. Ensiklopediyanın materialları ilə www.goycay-encyclopedia.az portalında tanış olmaq olar.

Elxan Süleymanov həmçinin qeyd edib ki, “Göyçay Ensiklopediyası” 30 sentyabrda Göyçayda ictimaiyyətə təqdim ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər