"Qənirə Paşayeva haqqında nəsə söyləmək çox çətindir. Hamı neçə gündü möcüzə gözləyirdi. Çox təəssüf ki, həmin möcüzə baş vermədi".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, Qənirə Paşayeva çox vətənpərvər, bir çox ölkədə fəaliyyəti ilə tanınan, fədakar insan idi:
"Onun itkisini heç kim qəbul etmək istəmir. Düşünürəm ki, onun əməlləri, gördüyü işlər, çoxsaylı əsərləri və yazdığı kitablar, çıxışları külliyyat halında toplanıb çap olunacaq. Bir xanımın, bir jurnalistin hamının gözü qarşısında hansı zirvələrə qalxmasını bir daha gələcək nəsillərə göstərmək üçün istifadə olunacaq. Biz Qənirə xanımın itkisi ilə barışmırıq və qəbul etmirik. Buna baxmayaraq Allahdan ona rəhmət diləyib, doğmalarına başsağlığı veririk. Onu heç kim unutmayacaq. Hər kəsin qəlbində Qənirə xanımın çox işıqlı bir xatirəsi var".