3 Oktyabr 2023 16:53
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şimal Regional Mərkəzi tərəfindən “Sanitar məntəqə komandirləri”, Aran Regional Mərkəzi tərəfindən “Ümumtəhsil orta məktəbləri, kollec və peşə liseylərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Gəncə Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” və “Kənd təsərrüfatı heyvanlarının mühafizəsi manqa komandirləri”, Cənub Regional Mərkəzi tərəfindən “Qəza-texniki manqalarının komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Xilasetmə manqasının komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqa komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər