Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, bəyanatın mətnini deputat Tural Gəncəliyev oxuyub.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun.
Sözügedən qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanmışdır. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən Avropa Parlamentinin Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirlərindən sonra Ermənistan Respublikası tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir.
Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif regionlarında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cənubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartması və keçmiş münaqişəyə dini təəssübkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür.
Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır.
Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə Avropa Parlamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir. Avropa Parlamentinin anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri aşağı səviyyədədir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atır.
Qətnamədə irəli sürülən iddialardan fərqli olaraq, Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.
BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq, Avropa Parlamentinin bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik yaradılması səylərinə dəstək göstərməyə çağırır”.
***
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib.
Teleqraf.com xəbər verir ki, bəyanatın mətnini deputat Tural Gəncəliyev oxuyub.
***
11:30
Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.
Teleqraf.com xəbər verir ki, komissiyanın sədri deputat Nizami Səfərov təyin edilib.
Komissiyanın üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayevdir.
***
11:10
Hazırda Milli Məclisin iclasında Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə cavab olaraq bəyanat müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, məsələ qanunverici orqanın bu gün keçirilən toplantısının gündəliyinə daxil edilib.
"Avropa Parlamenti Xocalı faciəsinə, torpaqlarımızın Ermənistan tərəfindən işğalına, təcavüzünə göz yumdu. Çox təəssüf ki, yüksək ada malik olan qurum bu qədər cılız bir duruma düşdü".
Bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Avropa Parlamenti bizə qarşı bu cür qərarlar qəbul etdikcə ölkəmizi daha da gücləndirəcəyik.