Laçın məktəblilərinin peşə təhsili müəssisəsinə ekskursiyası təşkil edilib.
Teleqraf.com-un məlumatına görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilən ekskursiyada Laçın rayon 1 saylı tam orta məktəblərdə təhsil alan 31 nəfər şagird iştirak edib.
Şagirdlər peşə məktəbində öyrədilən peşələr, dərs prosesi, emalatxanalarda olan şəraitlə yerində tanış ola biliblər. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və layihənin eksperti ayrı-ayrı peşələrin öyrədildiyi emalatxanalara baş çəkən məktəblilərə peşə məktəbində olan ixtisaslar, qəbul şərtləri ilə bağlı məlumat veriblər.
Daha sonra şagirdlərlə keçirilən görüşdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Jalə Pənahova bildirib ki, Mərkəzdə beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlanır.
Tələbələr həm texniki, həm də yüksək texniki peşə təhsil səviyyəsi üzrə müxtəlif ixtisaslarda tədris ala bilirlər.
Daha sonra çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova layihənin əsas məqsədinin şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaqla doğru sənət seçiminə yönləndirmək olduğunu qeyd edib:
“Bugünkü ekskursiya Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Şərqi Zəngəzur məktəblilərinin peşə məktəblərinə ekskursiyasının təşkili ilə peşə təhsilinin təbliği” layihəsi çərçivəsində həyata keçirilir.
Layihə işğaldan azad olunan və hazırda geniş səviyyədə quruculuq işi aparılan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin doğru sənət seçiminə yönləndirilməsi, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılmalarına hədəflənib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya zamanı şagirdlər peşə məktəbində öyrədilən peşələrlə bağlı məlumat alıb. Həmçinin tədris müəssisəsini gəzərək mövcud şəraitlə tanış ola biliblər.
Ümid edirəm ki, burada gördüyünüz imkanlardan sonra gələcəkdə seçəcəyiniz peşələrlə bağlı bir daha düşünəcəksiniz. Sizlərə verilən qovluqda layihə çərçivəsində çap edilən buklet də var.
Şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi məqsədi ilə çap edilən bukletdə Azərbaycanda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumatlar verilib. Həmin buklet vasitəsi ilə sizi maraqlandıracaq bir çox suallara cavab tapa biləcəksiniz”.
G.Həsənova qeyd edib ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək verilib və bundan sonra da onlara konsultasiya xidməti göstəriləcək.