15 Yanvar 2015 18:07
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yeraltı keçidlərdəki ticarət obyektlərinin söküntü işlərinə başlanılıb. İki gündür ki, Füzuli meydanı ətrafında – “Beşmərtəbə” ərazisində və “28 May” metrosu yaxınlığındakı yeraltı keçidlərdəki ticarət obyektlərinin söküntüsü həyata keçirilir. Ticarət obyektlərinin sahibləri ilə söküntü işlərini aparan şəxslər arasında xırda insidentlər də qeydə alınmaqdadır. Sahibkarlar bildirirlər ki, bu ayın kirayə haqqını öncədən veriblər və onlara söküntü olacağı barədə xəbərdarlıq edilməyib.

Bəzi məlumatlara görə, söküntü işləri sakinlərin buradan rahat istifadə edə bilməməsi ilə bağlıdır. Amma ticarətçilər fərqli fikir səsləndirirlər. Onlar bildirirlər ki, köşklərin sökülməsinə səbəb bu ilin yayında Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarıdır.

Biz də öz növbəmizdə məsələni araşdırmaq üçün sözügedən ərazilərə yollandıq.

Satıcıların sözlərinə görə, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ticarət köşkləri Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin göstərişi ilə sökülüb. “Bizə dedilər ki, olimpiya oyunlarına görə bu addım atılır. Oyun bitəndən sonra yenidən burada alver edə bilərsiz. Bunları havayı verməyiblər ki bizə, pul ödəyərək köşk tikmişik”, - deyə ticarətçilər bildirdilər.

“Hər köşk üçün 3-5 min manat ödənilib”

“Beşmərtəbə dairəsi” adlanan ərazidə yerləşən yeraltı ticarət mərkəzində insanların keçidinə mane olan, yolu daraldan, müxtəlif əşyaların satıldığı rəflər, piştaxtalar yığışdırılıb.

Füzuli meydanının qarşısında yerləşən yeraltı keçiddəki ticarət köşkləri sökülən sahibkarlar da olimpiya oyunlarına görə bu addımın atıldığını deyirlər: “Dörd giriş-çıxışı olan piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri sökülüb. Bütün rəfləri dağıtdılar, malları da sahibləri ilə birlikdə keçiddən çıxardılar. İndi də Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri ərazidədir, təmizlik işləri aparılır”.

Bunu deyən ərazidəki mağaza satıcısının sözlərinə görə, hər bir köşk üçün 3-5 min manat ödənilib. Bundan başqa, onlardan hər ay 300-400 manat da əlavə “haqq” alınıb.

Hazırda yeraltı ticarət mərkəzlərində bütün əşyalar yalnız mağazaların daxilində satılır, insanların hərəkət yolu isə tam boşaldılıb. Obyektləri sökülən satıcılardan bəziləri mallarını öz dəyərindən aşağı satıb, bəziləri isə yığışdıraraq evinə aparıb.

“28 May” keçidindəki ticarət obyektlərinin də yalnız içərisində satışa icazə verilir. Mağazadan kənarda geyim əşyaları və digər satılan malların nümayişinə icazə verilmir.

Satıcı Gülnarə Hüseynova deyir ki, mağazalar darısqal olduğu üçün geyimlərin bir qismini bayırdan asırmış: “Hazırda isə buna da icazə verilmir. Hamısını içəri yığmışam, alıcılar narazı qalır. Deyirlər içəridə rahat baxa bilmirik mallara”.

“Özləri bilirdilər ki, söküləcək”

Keçidin mühafizə xidmətinin əməkdaşı Rəşad Həsənov bizimlə söhbətində bildirdi ki, əslində ərazidə aparılan söküntü işləri yox, səliqə-səhman işləridir: “Burada əlavə tikililər var idi hansı ki, oranın görünüşünə xələl gətirirdi. Ona görə onların sökülməsinə qərar verildi. Qaydalara görə keçidlərin giriş hissəsi açıq və boş olmalıdır. Bura isə əvvəl gördüyünüz kimi satışda olan mallar düzmüşdülər, kənardan baxanda səliqəsiz görünürdü. Aparılan işlər insanların keçiddən rahat istifadəsi üçündür, həm də keçiddə təmizlik və görünüş üçündür”.

Mühafizəçi yenidən köşklərin bərpa olunub-olunmayacağı barədə onlara məlumat verilmədiyini dedi: “Neçə köşkün sökülməsi barədə hələ ki dəqiqləşdirmə aparılmayıb, amma bütün keçidlərin giriş və çıxışında iki obyektin ləğv olunduğu dəqiqdir. Onların bərpa olunacağı isə hələ məlum deyil”.

Keçiddəki “İzabel” ayaqqabı dükanının satıcısı isə Avropa Oyunlarınından sonra da köşklərin bərpa olunmayacağını deyir: “Deyirlər, dükanlara toxunmayacaqlar. Təkcə artırmaları, bir də giriş hissələri sökürlər, amma inanmaq olmaz. Elə keçən il o biri keçidləri sökəndə də belə deyirdilər, sonradan hamısını ləğv elədilər. Ona görə biz da başlamışıq özümüzə iri bazarlarda obyekt axtarmağa. Qanunsuz olduğuna görə sökdüklərini deyirlər. Onda heç olmasa xəbərdarlıq edəydilər, bir günün içində başladılar sökməyə”.

Mühafizəçi Rəşad Həsənov isə sahibkarlara hələ ötən ildən həm şifahi, həm də yazılı şəkildə xəbərdarlıq edildiyini bildirdi: “Yanvar ayının 10-dan etibarən söküntü işlərinə başlanılacağı barədə xəbərdarlıq olunub. Özləri bilirdilər ki, əlavə köşklər və artırmalar söküləcək”.

Ərazi metropolitenə aid deyil

Qeyd edək ki, ərazi 28 May metrosunun girişi olsa da, oranın metropolitenə aidiyyəti yoxdur. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, ərazi sözügedən quruma aid olmadığına görə, aparılan söküntü işlərinə onlar cavabdehlik daşımır: “Ora piyadalar üçün nəzərdə tutulmuş keçiddir, sadəcə həmin ərazidən metroya giriş var”.

Mağaza satıcıları bildirdilər ki, aylıq icarə haqqını Bakı Şəhər Ticarət və Xidmət Departamentinə ödəyiblər və hazırda obyektlərin sökülməsinə göstəriş verən də elə həmin qurumdur.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirdi ki, indiyədək bu yeraltı keçidlər öz təyinatı üzrə istifadə olunmayıb: “Çünki keçidlərə sonradan icazəsiz olaraq əlavə köşklər, obyektlər quraşdırılıb. Bu da gediş-gəlişə mane olur. Hazırda yeraltı keçidlərdəki həmin qeyri-qanuni obyektlər yığışdırılır”.

Qurum sözçüsü onu da əlavə etdi ki, keçidlərdəki gediş-gəlişə mane olmayan, qanuni fəaliyyət göstərən mağazalara toxunulmayacaq və onlar fəaliyyətini davam etdirəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər