11-14 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində “II Türk Dünyası Muzeyləri Görüşü” keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirin təşkilində əsas məqsəd türk dünyasında muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq və yeni layihələri müzakirə etməkdir. Xatırladaq ki, ilk dəfə Türk Dünyası Muzeyləri Görüşü 2022-ci ildə Türkiyənin Bursa şəhərində təşkil olunub.
Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans öz işinə başlayıb. İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.
Beynəlxalq tədbirin akademik sessiyalarında “Ümumtürk mədəni irsi – xalça”, “Xalçanın dili – damğalar”, “Muzeylərdə xalçaların saxlanması, konservasiyası və sərgilənmə metodları” mövzuları müzakirə olunur. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan artıq mütəxəssis məruzələrlə çıxış edəcək.
Qonaqlar oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin eksponatlarından ibarət sərginin açılışında da iştirak edəcəklər.
Konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Özbəkistan Dövlət Tarix Muzeyi arasında Anlaşma Memorandumu imzalanıb və Ankara Etnoqrafiya Muzeyi ilə də Memorandum imzalanacaq.
13-14 oktyabr tarixlərində isə tədbirin qonaqları Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumuna qatılacaqlar.
Şuşa şəhərində həmçinin TÜRKSOY Muzeylər Birliyinin toplantısı keçiriləcək. Qonaqlar burada muzeyləri və tarixi məkanları da ziyarət edəcəklər.