12 Oktyabr 2023 12:36
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətinin 20-ci ildönümünü qeyd etdiyimiz İlham Əliyevin uzun illər müşahidə etdiyim bəzi məziyyətləri barədə 1987-ci ildən siyasətdə olan şəxs kimi mən də bəzi fikirlərimi demək istəyirəm. O, Allahın seçdiklərindən və sevdiklərindəndir. Yalnız Allahın köməyi ilə bugünkü uğurlara imza atmaq olar.

Teleqraf.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.

Millət vəkili əlavə edib ki, onun siyasətçi kimi ən üstün xüsusiyyəti insanlarla ünsiyyət qurmaq, onların etibarını qazanmaq bacarığıdır: “Məhz bunun nəticəsində o, dünyanın bir çox liderlərini Azərbaycanın dostu və müttəfiqi edib, sözünü tutan siyasətçi kimi ölkəmizə etibarlı tərəfdaş imici qazandırıb. Geosiyasi vəziyyəti düzgün qiymətləndirmək, ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etmək qabiliyyəti ona ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir çox transmilli layihələri həyata keçirmək imkanı verib, Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat xətlərinin keçdiyi qovşağa çevrilib. Onun türk dövlətlərinin birliyinin yaranmasındakı xüsusi rolunu, xidmətlərini də qeyd etmək istəyirəm.

İnanıram ki, İlham Əliyev daxili siyasətə kənar təsirlərin mövcudluğunu və xalqımızın sosial inkişaf indeksini, demokratik vərdişlərin inkişaf səviyyəsini nəzərə alaraq, ölkəmizi, onun varlığını şübhə altına ala biləcək siyasi təlatümlərdən qorumaq üçün ayağını əyləcə qoyub bəzi prosesləri ləngitməklə, səbrlə geniş islahatlar üçün əlverişli regional, geosiyasi vəziyyətin yaranmasını gözləməkdədir. İnşallah uca tanrı həm ona, həm bizlərə həmin islahatların həyata keçirilməsində iştirakçı olmağı da nəsib edər. İlham Əliyevin xarici siyasətdə çevik, cəsarətli, vaxtında müdrik qərarlar qəbul etmək qabiliyyəti hər kəsi Azərbaycanın qanuni maraqlarını nəzərə almağa məcbur edib. Bu keyfiyyətləri ilə o, Azərbaycan silahlı qüvvələrinin düşmənlə təkbətək qalmasını və torpaqlarımızın işğaldan azad olunmasını təmin edən möhtəşəm qələbəmizi təmin etdi. Onun 20 illik fəaliyyətinin nəticəsi işğaldan azad edilmiş Qarabağ, region üçün yaradılmış sülh və əməkdaşlıq imkanlarıdır. Biz, hökumət üçün icrası məcburi olan qərarlar qəbul edə bilmərik. Amma qələbəmizin əsas müəllifi kimi İlham Əliyevin adının əbədiləşdirilməsi haqqında qanun qəbul edə bilərik. Həmin qanunda Xankəndidə onun adını daşıyacaq möhtəşəm bir məscidin-əvvəllər təklif etmişdim ki, belə bir məscid Şuşa şəhərində tikilsin-Qarabağda isə yeni bir şəhərin salınması da nəzərdə tutula bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər