Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) bilik menecmentinin təşkili, əməkdaşların potensialından istifadə və şəxsi təşəbbüskarlıq bacarıqlarının artırılması məqsədilə “Təqdimat bacarıqları” mövzusunda təlimlərə başlanılıb.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli təlimlərin keçirilməsində əsas məqsədin nazirliyin əməkdaşlarının təqdimat bacarıqlarının və peşəkar işgüzarlığının inkişaf etdirilməsi olduğunu bildirib. Nazir müavini qeyd edib ki, bu təlimlər ƏƏSMN ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq çərçivəsində təşkil olunur. Nazirliyin əməkdaşlarının peşəkar inkişafına dəstək verəcək bu təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Təlimlərə ƏƏSMN aparatının şöbələrinin, Nazirlik yanında Xidmətlərin və Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin əməkdaşları cəlb edilib. Onlara təqdimat növləri, təqdimat texnikası və planlaşdırması, eləcə də təqdimat prosesinin təşkili üçün digər zəruri məlumatlar barədə interaktiv qaydada məlumatlar verilir, praktik məşğələlər keçirilir.
Naibə QURBANOVA