Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki,imzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev və rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin universitetin prorektorları, professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq AREA ilə əməkdaşlığın təkcə universitet üçün deyil, həmçinin ölkə üçün də ixtisaslı mütəxəssislərin hazırlanması baxımından əhəmiyyət daşıdığını deyib. Azərbaycan dövləti tərəfindən həyata keçirilən və yüksək inkişafa hədəflənmiş bir sıra sahələrdə, xüsusi ilə də işğaldan azad edilmiş torpaqlarda bərpa olunan enerji mənbələrinin yaradılması və təkmilləşdirilməsində yüksək ixtisaslı kadrların hazırlanmasının universitet qarşısında prioritet məsələ kimi diqqətdə olduğunu bildirib.
AREA-nın direktoru C.Abdullayev qurumun fəaliyyət istiqamətlərindən, o cümlədən ölkədə bərpa olunan və yaşıl enerji üzrə görülən işlər və həyata keçirilən layihələrdən danışıb. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işləri ilə yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin reallaşdırıldığını bildirən C.Abdullayev ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Əməkdaşlığın elmi-tədqiqat sahələrinin inkişafı, həmçinin elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki vəsaitlərin hazırlanması və təlim-tədris proseslərinə töhfə verəcəyini deyib.
Sonda tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.