18 Oktyabr 2023 20:58
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib və “Müstəqilliyin Bərpası Günü” geniş formada qeyd olunub.

Teleqraf.com xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə Neftçala şəhərində ucaldılan ulu öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub. Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səslənib. Görüşdə çıxış edən Tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı, təhsil işçisi, yazıçı publisist Ruhəngiz Nəcəfova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Qasımova və YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov ulu öndər Heydər Əliyevin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartması, mübarizə apararaq dövlətimizin müstəqilliyə qovuşdurması, davamlı yüksəliş yolunda inamla irəliləməsindən söz açıblar. Bildirilib ki, müasir Azərbaycanın inkişafı ümummilli liderin həyat amalının təntənəsidir. Ulu öndər fəaliyyəti dövründə tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanan çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atması haqqında görüş iştirakçıları məlumatlandırılıb.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyamnaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirib: “İkinci tarixi imkan bir də 70 il sonra yaranıb və Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Müstəqillik haqqında aktın qəbul olunmasının 32-ci il dönümündə biz həm müstəqilliyimizin bərpasının 32-ci il dönümünü, həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin 3-cü ildönümünü qeyd edirik. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilən müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşdırılib, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub və müstəqilliyimiz daha da möhkəmlənib. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ilin 19-20 sentyabr lokal antiterror tədbirləri zamanı ordumuzun qüdrəti bir daha özünü göstərdi və Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqlaırmızdakı terrorçu qruplar zərərsizləşdirildi, suverenliyimiz tam bərpa olundu”.

Tədbirin sonunda “Heydər Əliyev Müasir və Müstəqil Azərbaycanın qoruyucudur” adlı videoçarx görüş iştirakçıları tərəfindən izlənilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər