I Beynəlxalq Peşə Ustalığı Yarışması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi simvolik məna daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
Onun sözlərinə görə, məqsəd qonaqları bu ərazilərlə yaxından tanış etməkdir: “Qardaş ölkələrin energetiklərinin işğaldan azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişığ”ın gördüyü işlər, xüsusilə innovativ həllərə dair tətbiq edilən yeniliklər, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir. Onu da qeyd edim ki, buradakı şəhərlərin əksəriyyətində elektrik şəbəkələrində ənənəvi dayaqların heç biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, mühafizə olunan xüsusi izolasiyalı kabellərlə qurulur. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik və digər ərazilərdə də tətbiqini davam etdiririk”.
***
12:40
Xocavənd rayonunun Hadrut qəsəbəsində türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilir.
Teleqraf.com-un məlumatına görə, yarışmanı "Azərişıq" ASC Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil edib. Yarışmaya Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.
Yarış iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları daha sonra açılış mərasimində iştirak etmək üçün Hadruta yola düşüblər. Açılış mərasimində ölkələrin təqdim edilməsindən sonra Dövlət Himni səsləndirilib.
Daha sonra Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişığ"ın işğaldan azad olunmuş ərazilərdə gördüyü yenidənqurma işləri haqda məlumat verilib.
Həmçinin Heydər Əliyevin Azərbaycanın enektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib. Rəsmi hissə başa çatdıqdan sonra yarışmaya start verilib. Qardaş ölkə Türkiyədən iki komanda “Uludağ” və “Başkənt" yarışda iştirak edib. Yarışın ilk günündə elektroenergetikanın tarixi, inkişafı, müasir vəziyyəti mövzusunda tərtib olunmuş intellektual suallar cavablandırılıb. İntellektual yarışma başa çatdıqdan sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar.
Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.