16 Yanvar 2015 15:48
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən nazir müavini Sahil Babayev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb.

Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırıb.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar.

20 yanvar əlili Sona Atayeva 20 yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə və sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş olunub. Əlillərin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Naibə QURBANOVA


Müəllif: