20 oktyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təbii və texnogen hadisələrin əhali və ərazilərə təsiri və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər” mövzusunda seminar keçirilib.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə keçirilən seminarda Nazirliyin məsul əməkdaşları və respublikanın bir sıra ali təhsil müəssisələrinin tələbələri iştirak edib.
Seminar iştirakçıları, əvvəlcə Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” kəlamı xatırlanaraq, Ulu Öndərin digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fövqəladə hadisələrdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili ilə bağlı məsələləri də daim diqqətdə saxladığı vurğulanıb. Qeyd olunub ki, Dahi Rəhbər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk vaxtlardan başlayaraq xalqımızın təhlükəsizliyinin etibarlı təminatı, baş verə biləcək təbii və texnogen hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, əhəmiyyətli işlər həyata keçirib.
Çıxış edənlər Ümummilli Liderin mütərəqqi siyasi xəttinin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, ölkə başçısının diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi qısa müddətdə istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik çevik bir quruma çevrilib.
Tədbirdə, həmçinin belə bir məqama da toxunulub ki, dünyanın ayrı-ayrı hissələrində son zamanlar baş verən təbii və texnogen mənşəli fəlakətlərin elmi əsaslarla, daha dərin, hərtərəfli, kompleks öyrənilməsinə və tədqiq edilməsinə böyük ehtiyac var. Bu baxımdan seminara təqdim edilən məqalələrin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Seminarda tədbir iştirakçılarının çıxışları dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.