24 Oktyabr 2023 14:28
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Teleqraf.com-a bildirilib ki, Günəş fəallığı kifayət qədər zəifləyib. Günəş ləkələrinin sayı azalaraq 2 ləkə qrupunda 25 ləkə müşahidə olunur. Helioseysmoloji müşahidə və araşdırmalar zamanı Günəşin görünməyən üzündə ləkə aşkarlanmayıb. Yerə qismən istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində geoeffektiv tac dəlikləri müşahidə edilir.

Hazırda Günəş küləyinin sürəti 385 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.48 nT, radial istiqamətdə isə -1.37 nT təşkil edir.

Geomaqnit sahəsi qeyri-sabit və aktiv səviyyələrdə olub. Hazırda isə geomaqnit sahəsi sakitdir.

Oktyabrın 24-dən 30-dək C sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Günəş küləyinin sürətinə növbəti bir neçə gündə mənfi qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri proqnozlaşdırılır. Geomaqnit sahəsinin mənfi qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə oktyabrın 25-dək qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər