Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 oktyabr 2023-cü il tarixində Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin qəbulunu keçirib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.