Bakı şəhər Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin biologiya müəllimi Aytən Seyidova oktyabrın 27-də Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini sinifdə xüsusi qeyd edib.
Bu barədə Teleqraf.com-a danışan müəllim tədbiri dərs dediyi 6-cı sinfin şagirdləri ilə birgə təşkil etdiklərin deyib.
Müəllimin sözlərinə görə, tədbir Türkiyənin istiqlal marşı ilə başlayıb: “Sinifdə hər zaman şagirdlərimə Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin və bütün sahələri əhatə edən çox gözəl əməkdaşlığın olduğunu aşılayıram. Tədbirdə şagirdlərə Azərbaycan və Türkiyə bayraqlarını payladım və onların çıxışına yer verdim. Onlara qulaq asdıqca Türkiyə haqqında necə ətraflı məlumata sahib olduqlarına bir daha şahid oldum. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şerini səsləndirdilər”.
Aytən Seyidova deyir ki, Türkiyəyə bağlılığı ilə hər yerdə seçilib: “Təkcə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini deyil, bu ölkə ilə bağlı bütün bayramları sinfimdə qeyd edirəm. Hətta illər əvvəl Türkiyənin zəfər bayramını keçirirdim, amma türk bayrağım yox idi. Anam mənə qırmızı üzlü cehiz yorğan vermişdi. Səhərki tədbir üçün gecə həmin yorğanın üzünü söküb türk bayrağı tikmişdim”.