Türkiyənin “İstiqlal Marşı”nın sözlərinin müəllifi, şair, mütəffəkkir Məhəmməd Akif Ersoy 1873-cü ildə İstanbulda doğulub. “Vətən şairi”, “Milli şair” ünvanları ilə tanınan Akif 1911–1933-cü illər arasındakı şeir kitablarından ibarət “Safahat” adlı əsərin müəllifidir.
İkinci Məşrutiyyət dövründə Akif dostu Əşrəf Edip Fərqan və Əbülula Mardininin çap etdiyi və ilk nömrəsi 27 avqust 1908-ci ildə çıxan “Sırat-ı Müstəkim” jurnalının baş yazarı olub. İlk nömrəsində “Fateh məscidi” şeiri çap edilib. Əbülula Mardini ayrıldıqdan sonra jurnal 8 mart 1912-ci ildən etibarən “Sebilür-Rəşad” adı ilə nəşr olunmağa davam edib, Akifin, demək olar ki, bütün şeir və yazıları bu iki jurnalda çap olunub. İstər yazılarında, istərsə də, İstanbul məscidlərindəki oxuduğu xütbələrdə misirli alim Məhəmməd Əbdühün təsiri ilə qəbullandığı İslam birliyi görüşünü yaymağa çalışıb.
Daha sonra Livana gedən Ersoy milli mücadilə dövründə geri qayıdıb, Türkiyə Böyük Millət Məclisinin açılışının ertəsi günü - 24 aprel 1920-ci ildə Ankaraya gəlib. Milli mübarizəyə şair, natiq, səyyah, jurnalist və siyasətçi kimi qatılıb. Onun orduya həsr etdiyi şeir 12 mart 1921-ci ildə Milli İstiqlal Marşı olaraq qəbul edilib. 1925-ci ildə Misirə gedən Akif 1936-cı ildə İstanbula qayıdıb, həmin il də vəfat edib.
Akif Misirdən qayıtdıqdan sonra ona fərqli münasiət göstərilib. “İstiqlal Marşı”nın müəllifi olmasına rəğmən hökumət tərəfindən yaxından təqib edilib, mürtəce olaraq dəyərləndirilib. Türk kəşfiyyatı onun haqqında raportlar hazırlayıb, təmasda olduğu şəxsləri müəyyənləşdirib. Onun 1933-cü ildə Qahirədə çıxan və “Safahat”ın yeddinci kitabı olan “Kölgələr” əsərinin 2175 ədədi gəmi ilə Misirdən ünvanına gəldiyi zaman müsadirə edilib, köhnə əlifbada yazıldığı və mürtəce təbliğat olduğu iddiası ilə bir qismi məhv edilib, qalanları geriyə göndərilib.
Murad Bardakçının yazdığına görə, Türkiyə arxivlərində “Məhəmməd Akifin səyahətləri, təmasları və fəaliyyətləri” adlı qovluq onun vəfatından sonra da gündəmdən düşməyib, mürtəce fəaliyyət adı altında çevrəsi də təqib olunub. Hətta vəfatından 20 il keçdikdən sonra da onunla bağlı anma mərasimlərinə nəzarət edilib.
Akifin 1936-cı ildə Türkiyəyə qayıtması, onun təqib edilməsi kimi fəaliyyətlər barədə görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun məlumatı olduğu üçün “İkdam” qəzetində “İnqilab səflərindən dəyərli adamları çıxarmağa çalışmayaq!” adlı məqalə qələmə alıb. Azərbaycan əsilli xadimin Türkiyənin İstiqlal Marşının müəllifi ilə bağlı fikirlərinin maraqlı olacağını düşünərək yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Əhməd Ağaoğlu
İnqilab səflərindən dəyərli adamları çıxarmağa çalışmayaq!
Mərhum şair Akif bəyin məndən xoşu gəlməzdi, mən də onu sevməzdim. Bir kərə də olsun nə o, mənim evimə gəldi, nə mən onun evinə getdim. Heç bir yerdə də görüşüb dalaşdığımız olmadı. Bu hal hərbdən əvvəl İstanbulda olduğu kimi, hərbdən sonra Ankarada da davam etdi.
Sahib olduğumuz zehniyyətlər, bəslədiyimiz fikirlər və meyillər o qədər bir-birinə uyğunsuz və zidd idi ki, ən adi məfhumlar üzərində belə heç cür barışmazdıq.
Bu gün o rəhmanın rəhmətinə qovuşub. Mən isə bu fani dünyada yaşayır və fikirlərimi bəyana davam edirəm.
Həmən əlavə edim ki, aramızdakı bu təzad ona qarşı ürəyimdə dərin bir hörmət bəsləməyimə heç bir zaman mane olmamışdır. Bunu ona heç bir zaman söyləmədim. Fəqət mən onu səciyyə sahibi, dürüst, doğrucul, mərd, özü və sözü bütöv bir türk mühərririnə yaraşacaq açıq sözlü bir şəxsiyyət olaraq tanıyırdım və türklər arasında bu səciyyədə adamların çox olmasını pək arzu edərdim.
Yaşadığı müddət boyunca aramızdakı bu pək də dostca olmayan münasibət mənə mərhum şair haqqındakı fikirlərimi sərbəstcə söyləmək imkanını verir. Kimsə məni nə ölülərə hörmətsizlikdə, nə də tərəfgirlikdə ittiham edə bilər.
Yuxarıda dediyim kimi mərhum Akif bəylə aramızda kainat, həyat, din, İslamiyyət və sairə haqqında barışmaz bir təzad vardı.
Bununla yanaşı mən onu heç bir zaman nə irtica tərəfdarı, nə də irticanı bəsləyəcək zehniyyətli bir adam deyə qəbul etmədim. Əksinə, onu istər bizdə, istərsə də, İslam aləminin başqa tərəflərində əmsalı çox olan və bu aləmə məxsus bir növ inqilabçı, irəli fikirli insan kimi tanıyırdım.
Aramızda İslam aləmindəki oyanış tarixini bilənlər, şeyx Cəmaləddin Əfqani və şeyx Əbdüh kimi islam mütəfəkkirlərini xatırlayanlar mənim nə demək istədiyimi asanlıqla anlayarlar.
On səkkizinci əsrdə başlayaraq on doqquzuncu əsrdə bütün şiddət kəsb edən İslam aləminin vəlvələli sükutu bu aləmdə düşünmək və mühakimə eyləmək qabiliyyətinə malik olanları bu hadisənin səbəblərini araşdırmağa və ona qarşı çarələr düşünməyə sövq etdi.
Şeyx Cəmaləddin və şeyx Əbdühlər hadisənin səbəbini İslamiyyətin yanlış anlaşıldığında və bu dini xalqa öyrətmək vəzifəsi ilə mükəlləf olanların cəhalət və təəssüblərində tapdılar və ona görə də çarəni də İslamiyyəti bu kimilərdən qurtarıb daha bilgili, təəssübdən uzaq alimlərin əllərinə təslim etməkdə və bu sayədə mədəniyyətlə İslamiyyət arasında bir anlaşma tapmaqda gördülər!
Digər təbirlə, İslam aləmində eynilə Qərbdə orta əsrlər dövründən və intibah həmləsindən sonra Yan Qusları, Höteləri, Kalvinləri doğuran islahat, reform dövrü kimi bir dövr hazırlamaq istədilər.
Bu başdan-başa bir inqilab yürüyüşü idi. Yalnız bu fərqlə ki Şeyx Cəmaləddin və Şeyx Əbdüh həyatın siqlət mərkəzini dində gördüklərindən inqilabı da dində etmək əməlində idilər.
Mənim anlayışıma görə şair Akif bəy daşıdığı zehniyyətlə və bəslədiyi fikirlərlə bu gedişə mənsubdu. Mömin və dindar bir adam olmaqla bərabər dində və dini müfəkkirədə dərin dəyişikliklər edilməsini istəyən bir mütəfəkkirdi.
Şübhə yoxdur ki, o, milliyyətçi deyildi və mənim kimilərə qarşı bəslədiyi qeyz də milliyyətçi olduğumuz üçündü. Fəqət yazıları ilə və bilxassə ali ilhamları ilə milliyyətçilərin və inqilabçıların hədəflərinin həyata keçməsinə, bəlkə, fərqində olmayaraq xidmət eyləmişdir.
Zira milliyyətçilərin önünə çıxan ən böyük maneə təəssüb və din qeyrəti idi. O isə bu təəssübü ta əsasından din namına belə baltalayırdı.
Sonra türk lisanı onun ağzında çox yüksək ifadəsini və çox gözəl şəklini tapmışdı ki, milliyyətçilik baxımından çox qiymətli bir xidmətdir!
Daha sonra “Çanaqqala”dakı ilahi təsvirləri ilə “Bülbül”dəki fəryadları ilə nəhayət “Milli Marş” deyə qəbul etdiyimiz “İstiqlal Marşı” ilə kimi və nəyi tərənnüm eyləmişdir? Vaqiə bütün bunlarda, dini ixtisaslar, dini xəyallar, dini təbirlər hakimdir. Fəqət ən sonunda “Çanaqqala”dakı möcüzə, “Bülbül”dəki vətən və milli marşdakı qürur kimin möcüzəsi, kimin vətəni və kimin qürurudur? Həp türkün deyilmi? Həp türk deyilmidir? Bunu Akifin vicdanı kimi hər dinləyənin və hər söyləyənin də vicdanı belə anlamazmı? O halda milli mücadiləyə Birinci Böyük Millət Məclisinin üzvü sifətilə feilən iştirak etmiş, yazıları ilə milliyyətçilik və inqilab hərəkətlərini təshil eyləmiş birisinə mürtəce məfhumu necə layiq görülə bilər? Hökmlərimizdə ehtiyatlı olaq, inqilab səflərindən dəyərli adamları çıxarmağa çalışmayaq!
“İkdam”, sayı 27, 10 fevral 1939